İranın ABŞ və İsrailə qarşı müharibədə istifadə etmək üçün Rusiyadan yeni “Geran-4” və “Geran-5” reaktiv mühərrikli pilotsuz uçuş aparatları istədiyi iddia olunur.
HİT.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbəyə, eləcə də Qərb təhlükəsizlik üzrə mütəxəssislərinə istinadən məlumat yayıb.
“Rusiyanın pilotsuz uçuş aparatları sahəsində imkanları o qədər inkişaf edib ki, bu il Tehran Moskva ilə İsrail və ABŞ-a qarşı müharibədə istifadə etmək üçün qabaqcıl “Geran” dronlarının verilməsi xahişi ilə müraciət edib”, – nəşr yazıb.
Qəzet həmçinin yeni Rusiya istehsalı “Geran-4” və “Geran-5” pilotsuz uçuş aparatlarının Ukraynadakı münaqişə çərçivəsində havadakı döyüşlərin gedişinə təsir etdiyini bildirib.
Sentyabr ayında “The New York Times” (NYT) yeni reaktiv mühərrikli Rusiya dronlarının Kiyev üçün ciddi təhlükə yaratdığını yazıb.
Sentyabrın 2-də “Financial Times” Rusiyanın guya İrana hipersəs sürətli qanadlı raketlərin hazırlanmasında “gizli şəkildə kömək etdiyini” də bildirmişdi.
ABŞ Prezidenti Donald Tramp isə iyul ayında Rusiya və Çinin İrandakı münaqişəyə birbaşa cəlb olunduğuna dair əlamətlər görmədiyini vurğulamışdı.
Samir


