Sahara səhrasında tapılan nadir meteoritin milyardlarla il əvvəl mövcud olmuş nəhəng bir səma cisminin qalıqları ola biləcəyi müəyyənləşdirilib. Tədqiqatçılar onun Ay ölçüsünə yaxın ola biləcək qədim protoplanetdən qopmuş parça olduğunu ehtimal edirlər.
HİT.az xəbər verir ki, bu barədə "Raketa" yazıb.
Söhbət Şimal-Qərbi Afrika 12774 meteoritindən gedir. O, olduqca nadir meteorit qrupu hesab olunan anqritlərə daxildir və bu tip nümunələrdən dünyada cəmi bir neçə onluğunun məlum olduğu bildirilir.
Əvvəllər alimlər anqritlərin nisbətən kiçik asteroidlərdən yarana biləcəyini düşünürdülər. Lakin yeni araşdırma meteoritin kristal quruluşunun daha böyük və daxili təbəqələrə malik səma cisminin dərinliklərində formalaşdığını göstərib.
Hesablamalara əsasən, belə strukturun yaranması üçün diametri ən azı 2 min kilometr olan səma cismi tələb olunub. Bəzi qiymətləndirmələr isə həmin cismin ölçüsünün Ayın ölçüsünə yaxın ola biləcəyini göstərir.
Tədqiqatçıların fikrincə, meteorit əvvəlcə bu cismin dərin qatlarında formalaşıb. Daha sonra vulkanik proseslər nəticəsində nisbətən qısa müddət ərzində səthə yaxın ərazilərə çıxıb və sonrakı kosmik proseslər nəticəsində həmin səma cisminin parçalarından biri Yerə çatıb.
Tapıntının əsas əhəmiyyətlərindən biri onun kristallarının ilkin quruluşunu böyük ölçüdə qoruyub saxlamasıdır. Bu isə alimlərə Günəş sisteminin formalaşmasının ilk mərhələlərində mövcud olmuş fiziki şəraiti araşdırmaq imkanı verir.
Analizlər meteoritin mənşəyi hesab edilən səma cisminin Günəş sistemində ilk bərk materialların yaranmasından təxminən 4 milyon il sonra formalaşdığını göstərir.
Bu nəticə planetlərin yaranma sürəti ilə bağlı mövcud təsəvvürlərin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Ənənəvi modellərə əsasən, belə böyük səma cisimlərinin Günəş sisteminin bu qədər erkən mərhələsində meydana gəlməsi gözlənilmirdi.
Yeni tapıntı planetlərin və onların ilkin "tikinti bloklarının" əvvəlki düşüncələrdən daha sürətlə formalaşa biləcəyini göstərən modellərlə də uyğunlaşır.
Alimlər hesab edirlər ki, Şimal-Qərbi Afrika 12774 meteoritinin daha ətraflı araşdırılması erkən Günəş sistemində böyük planetar cisimlərin necə yarandığı barədə mühüm məlumatlar verə bilər.
Samir


