Alimlər Günəşin səthinin temperaturunun yarısına yaxın şəraitdə buz yaratdı

DÜNYA
22:26 / 12.09.2026
45

Alimlər suyun son dərəcə yüksək temperatur və təzyiq altında mövcud ola bilən qeyri-adi formasını eksperimental şəkildə müşahidə ediblər. Söhbət təxminən 2357 dərəcə Selsi temperaturunda və milyonlarla atmosfer təzyiqində əmələ gələn ekzotik buz strukturundan gedir.

HİT.az xəbər verir ki, bu barədə "National Geographic Polska" yazıb.

Fransalı və digər Avropa tədqiqat institutlarının alimləri suyun ekstremal şəraitdə necə davrandığını araşdırıblar. Təcrübə zamanı təzyiq 2,3 milyon atmosferə, temperatur isə 2630 Kelvinə (2357°C) çatdırılıb.

Bu göstərici Yer kürəsindəki ən ekstremal təbii şəraitlə müqayisədə olduqca yüksəkdir. Təzyiq Marian çökəkliyinin dibindəki təzyiqdən 2000 dəfədən çox, Yer kürəsinin mərkəzindəki təzyiqin isə təxminən 64 faizi qədərdir. 2357 dərəcəlik temperatur isə Günəşin səthindəki temperaturun təxminən yarısına bərabərdir.

Adi şəraitdə belə temperaturda suyun qaz halına keçəcəyi gözlənilir. Lakin alimlər müəyyən ediblər ki, nəhəng təzyiq su molekullarının genişlənməsinə imkan vermir və maddə son dərəcə sıx vəziyyətdə qalaraq tamamilə fərqli struktur əldə edə bilir.

Bu vəziyyət superionik buz adlandırılır. Onun əsas xüsusiyyəti odur ki, maddə eyni anda həm bərk, həm də mayeyə bənzər xüsusiyyətlər nümayiş etdirir. Oksigen atomları kristal qəfəsdə sabit qalır, hidrogen nüvələri isə həmin strukturun daxilində hərəkət edə bilir.

Tədqiqatçılar su nümunələrini almaz lövhələr arasında sıxaraq təzyiqi 230 giqapaskala qədər artırıblar. Daha sonra nümunələr lazerlərlə qızdırılıb və kristal strukturunda baş verən dəyişikliklər sinxrotron qurğusundan alınan rentgen şüaları vasitəsilə izlənilib.

Təcrübə nəticəsində alimlər əvvəllər yalnız nəzəri olaraq proqnozlaşdırılan heksaqonal sıx qablaşdırılmış (hcp) kristal quruluşunu müşahidə ediblər. Bu strukturun qızdırılma zamanı davranışı onun superionik vəziyyətə keçdiyini göstərib. Keçidin təxminən 1700 Kelvin temperaturunda baş verdiyi ehtimal olunur.

Alimlərin fikrincə, bu tip superionik buz Günəş sistemindəki buz nəhəngləri – Uran və Neptunun dərinliklərində mövcud ola bilər. Onun qeyri-adi elektrik xüsusiyyətlərinin həmin planetlərin özünəməxsus maqnit sahələrinin formalaşmasında rol oynaya biləcəyi düşünülür.

Hazırda hcp buzunun xüsusiyyətləri barədə məlumatlar məhduddur. Tədqiqatçılar gələcəkdə onun mexaniki xüsusiyyətlərini, elektrik keçiriciliyini və hansı temperatur-təzyiq aralığında sabit qaldığını daha dəqiq müəyyənləşdirmək üçün yeni təcrübələrin aparılmasını planlaşdırırlar.

Samir
 

0