“Müasir dövrdə iqlim dəyişikliyi dünyanın ən qlobal probleminə çevrilib”.
Bu sözləri Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, texnologiyanın yüksəlişi, xüsusilə də informasiya-kommunikasiya texnologiyalarının və buna bağlı olaraq da internetin getdikcə inkişafı iqlim dəyişikliyini qaçılmaz edir:
“İnternet şəbəkələrinin və çox böyük tutumlu server mərkəzlərinin yaradılması temperaturun əhəmiyyətli dərəcədə dəyişməsinə, buzlaqların əriməsinə təsir göstərir. Çünki bu cür mərkəzlər okeanlarda və yaxud da buzlaqlar altında yerləşdirilməyə başlanılıb. Bu isə buzlaqların əriməsinə və dünyada insanların yaşayışına təsir edir”.
Siyasətçi qeyd edib ki, Azərbaycan öz inkişaf tempi ilə iqlim dəyişikliyinə səbəb olmayan ölkələrdən biridir:
“Ölkəmiz təbiətin qorunub saxlanılmasında əhəmiyyətli dərəcədə rol oynayır. Xüsusilə Azərbaycanda sənayenin inkişafı neft-qaz sektoruna bağlı olduğuna görə bu sahədə təbiətə hər hansı zərərli tullantılar atılmır və çirklənməyə səbəb olmur. Azərbaycanın haqqı var ki, iqlim dəyişikliyi ilə bağlı fəaliyyəti koordinasiya etsin. Çünki bu cür tədbirlərə ev sahibliyi eləyən və iqlim fəaliyyəti ilə bağlı tədbirlər keçirən ölkənin bir haqqının da olması zəruridir”.
Partiya sədri diqqətə çatdırıb ki, İqlim Fəaliyyəti Həftəsinin də Bakıda keçirilməsi çox faydalıdır:
“Azərbaycan bu tədbirə ev sahibliyi etməklə dünyada təbiətin qorunması, iqlim dəyişikliyinə qarşı töhfənin verilməsi üçün əhəmiyyətli işlər görməyi planlaşdıran ölkələrdən biri hesab oluna bilər. Bundan başqa, Azərbaycanın addımları digər ölkələr üçün - xüsusilə sənaye tullantıları, havanın isinməsi istiqamətində fəaliyyət göstərən ölkələrə də nümunə ola bilər.
Bu həftənin keçirilməsi Azərbaycanın dünya miqyasında daha da tanınmasına və onun müasir dəyərləri qoruyub saxlayan, insanlığı hər şeydən üstün tutduğunu göstərən bir ölkə kimi təqdim olunmasına gətirib çıxarır”.
Elmir Mustafa



