Sabiq müdafiə nazirləri indi haradadır? - ARAŞDIRMA 

ÖLKƏ
11:24 / 12.04.2023
581

Hazırda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovdur. O 2013-cü ilin 22 oktyabrından bu postu tutur. 

Ona qədər isə 9 şəxs ölkənin müdafiə naziri olub.

Bəs, sabiq müdafiə nazirləri indi haradadır?

Bizim.Media bununla bağlı araşdırma aparıb:

Valeh Bərşadlı

Azərbaycanın ilk müdafiə naziri Valeh Bərşadlı sayılır. O, 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olub. 1992-ci ildə tutduğu vəzifədən istefa verib. 1999-cu ilin mayın 15-də vəfat edib. Məzarı Fəxri Xiyabandadır. 

Tacəddin Mehdiyev

General-mayor Tacəddin Mehdiyev 11 dekabr 1991-ci ildə müdafiə naziri vəzifəsinə gətirilib. 17 fevral 1992-ci ildə ermənilərin törətdiyi Qaradağlı soyqırımından sonra tutduğu vəzifədən azad edilir. 2005-ci ildə parlament seçkiləri zamanı namizədliyini irəli sürsə də, qalib gələ bilmir.

1992-ci ilin 25 yanvarında uğursuz Daşaltı əməliyyatına rəhbərlik edib. Xobbisi ov və balıqçılıqdır. Güləş üzrə idman ustasıdır.

Şahin Musayev 

General Şahin Musayev 1992-ci ilin yanvarından 24 fevrala qədər müdafiə naziri olub. Azərbaycanın Qarabağdakı itkilərində xüsusi "rolu" olan general Şahin Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra Rusiyaya qaçıb.

Ağır dövləti cinayətlərdə, ittiham olunan general Rusiya hüquq mühafizə orqanları ilə birgə aparılan əməliyyat tədbirləri nəticəsində həbs olunsa da, sonradan azad edilir. Sonrakı yaşamı ilə bağlı isə məlumat yoxdur.

Tahir Əliyev

24 fevral-17 mart 1992-ci il tarixində müdafiə naziri postu polis generalı Tahir Əliyevə həvalə edilir. O, sonradan daxili işlər naziri, 1995-ci ilə qədər isə Gömrük Komitəsinin sədri olur. Hazırda ehtiyatda olan generaldır. 

Rəhim Qazıyev

Növbəti müdafiə naziri Rəhim Qazıyev olur. O 1992-ci ilin martın 17-dən 1993-cü ilin fevralına qədər bu postda çalışır. 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılır. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilir. 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılır. 

Rəhim Qazıyev həmçinin 2020-ci ilin iyulunda Cinayət Məcəlləsinin Dövlət əleyhinə yönələn açıq çağırışlar və Təxribat maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılır. Barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən Qazıyev, qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixinədək müəyyən edildiməklə 4 sentyabrda ev dustaqlığına buraxılır. Bakı şəhərində yaşayır. 

Dadaş Rzayev 

20 fevral 1993-cü ildən 17 iyun 1993-cü ilə qədər müdafiə naziri olaraq general-mayor Dadaş Rzayev fəaliyyət göstərir. 

Azərbaycan hökumətinin çağırışı ilə D.Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışır. Və həmin dövrdə ermənilərdən xeyli sayda silah-sursatın götürülməsinə nail olur. Elə həmin illərdə Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olur.

1991-ci ildə müdafiə nazirinin müavini təyin olunur. Birinci ordu korpusunun komandiri olan Rzayevin Başkəndin ermənilərdən alınması əməliyyatına rəhbərlik edir. Ardınca müdafiə naziri təyin edilir. Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edilir. 

Hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədridir. 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib.

21 dekabr 2015-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib.

Vahid Musayev

Qısa müddətə 1993-cü ilin 7 avqustdan 25 avqusta qədər müdafiə naziri general-mayor Vahid Musayev olur.  O, 8 yanvar 1999-cu ildə Qobustan həbsxanasında təşkil olunmuş qiyam zamanı qətlə yetirilib.

Məmmədrəfi Məmmədov 

General-leytenant Məmmədrəfi Məmmədov 1993-cü ilin sentyabrın 2-dən 1995-ci ilin fevralın 6-na qədər müdafiə naziri kimi fəaliyyət göstərir. Onun dövründə orduda islahatlara başlanılır. O, müdafiə naziri olduğu dövrdə Ağdam və Füzuli rayonlarının bəzi yaşayış məntəqələri azad edilir. Hazırda ehtiyatda olan hərbçidir.

Səfər Əbiyev 

General-polkovnik Səfər Əbiyev 1995-ci ildən 2013-cü ilin oktyabrına qədər müdafiə naziri olur. General-polkovnik S.Əbiyev 1995-ci ildə "Azərbaycan Bayrağı", 2003-cü ildə “Azərbaycan Bayrağı", 2010-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. Hazırda Bakıda yaşayır. 

0