Zelenski Trampın iradlarını qəbul etməli və münasibətləri düzəltməlidir – CNN

DÜNYA
12:50 / 24.10.2026
60

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla münasibətlərdə yaranan gərginliyin diplomatik prosesə mane olmasına imkan verməməlidir. Çünki Tramp müharibənin dayandırılması üçün Rusiyaya lazımi təzyiq göstərə biləcək yeganə dünya lideri hesab olunur.

HİT.az xəbər verir ki, bu barədə CNN telekanalının təhlilində bildirilib.

Nəşr yazır ki, Tramp sələflərinin demokratiyanı qorumaq və avtoritar liderlərə qarşı çıxmaq prinsiplərindən uzaqlaşaraq, güc nümayişinə, avtoritar rəhbərlərlə yaxınlaşmağa və sərfəli sövdələşmələrə üstünlük verir.

CNN-in fikrincə, Trampın Zelenskiyə qarşı şəxsi antipatiyası da iki ölkə arasındakı münasibətlərə təsir göstərir. Ukrayna lideri ABŞ prezidentinin impiçmenti ilə nəticələnən ilk prosesin başlanmasına səbəb olan hadisələrin mərkəzində yer almışdı. Buna görə də Trampın Ukraynada prezident dəyişikliyi ilə bağlı Rusiyanın tələbini dəstəkləməsi təəccüblü deyil.

Məqalədə qeyd olunur ki, Trampın xarici siyasət qərarlarında şəxsi və siyasi maraqları mühüm rol oynayır. Məsələn, dizel yanacağının tədarükü ilə bağlı razılaşmanın milyardlarla dolların Rusiyanın hərbi potensialına yönəlməsinə şərait yarada biləcəyi bildirilir. Eyni zamanda, Trampın Ukraynadan Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı tələb etməsi də tənqid olunur.

CNN hesab edir ki, Moskva ilə münasibətlərdə güzəştlərə getmək və Rusiyaya əlavə imkanlar yaratmaq strategiyası müharibəni dayandırmayıb. Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin sülhə hazır olduğu barədə açıqlamalarına baxmayaraq, Ukrayna ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumları davam etdirir.

Bununla belə, Zelenskinin Vaşinqtonla münasibətləri qorumaqdan başqa real seçimi yoxdur. Ukrayna Prezidenti Trampın bəzi qərarlarından, o cümlədən dizel yanacağının tədarükü ilə bağlı razılaşmadan narazılığını gizlətməyib. O, bu mövqeyinə görə tənqid olunsa belə, Ukraynanın azadlığının təhlükə altında olduğunu və həqiqətləri söyləməli olduğunu vurğulayıb.

Nəşr əlavə edir ki, Rusiya Avropanın Ukraynaya dəstək verən müttəfiqlərinə qarşı hibrid müharibəni genişləndirir. Bu vəziyyət Ukrayna və Avropa ölkələrini, Trampın birtərəfli sülh təşəbbüslərinə etimadsızlığa baxmayaraq, əməkdaşlığı davam etdirməyə məcbur edir.

CNN-in qənaətinə görə, Zelenski ilə Tramp arasında əvvəlki kəskin fikir ayrılıqları zamanla aradan qalxıb. Bu prosesdə Avropa diplomatlarının fəal səyləri mühüm rol oynayıb. Buna görə də hazırkı gərginliyin diplomatik danışıqları pozmaması üçün tərəflərin yenidən ortaq dil tapmağa çalışması vacibdir.

Samir
 

0