Təhlükə ilə üzləşən ilanların əksəriyyəti sürətlə uzaqlaşmağa çalışır. Lakin alimlər elə bir ilanla qarşılaşıblar ki, o, qaçarkən bədənini təkər kimi fırladaraq irəliləyir. Qeyri-adi davranış yapon tədqiqatçılarını həm təəccübləndirib, həm də güldürüb.
HİT.az xəbər verir ki, bu barədə “VICE” nəşri məlumat yayıb.
Söhbət adətən təhlükə zamanı sürünərək uzaqlaşan Kantor qamış ilanından gedir. Yaponiyanın Tohoku Universitetinin alimləri bu növün bir nümayəndəsinin təhlükədən yayınmaq üçün qeyri-adi üsuldan istifadə etdiyini müşahidə ediblər.
Tədqiqatçılar ilanın hərəkət mexanizmini araşdırmaq üçün yüksək sürətli kameralardan yararlanıblar. Məlum olub ki, ilan əvvəlcə quyruğunu qəfil sola yönəldir, sonra isə bədənini irəli itələyir. Gövdəsini növbəli, iri ilgəklər şəklində bükərək fırlanır və başını nisbətən sabit saxlayır. Beləliklə, bədəni sanki oxu olmayan təkərə çevrilir.
Maraqlı məqamlardan biri də budur ki, ilan bu üsulla hərəkət edərkən hiss orqanlarını qarşıdakı istiqamətə yönəltməyi bacarır. Alimlərin müşahidəsi eyni növə aid ilanların təhlükəyə fərqli reaksiyalar verə bildiyini göstərir.
Qeyd edək ki, tədqiqatın nəticələri “Current Biology” elmi jurnalında dərc olunub.
Samir


