Fransada tikinti işləri zamanı orta əsrlərə aid 14 məzar aşkarlandı

DÜNYA
14:04 / 24.10.2026
57

Fransanın Reyms şəhərində mərkəzləşdirilmiş istilik təchizatı şəbəkəsinin genişləndirilməsi işləri zamanı orta əsrlərə aid 14 məzar aşkar edilib. Arxeoloqlar tapıntıların Müqəddəs Anna kapellası ilə əlaqəli qədim qəbiristanlığa aid ola biləcəyini ehtimal edirlər.

HİT.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Tapıntı barədə məlumat alan Böyük Reymsin arxeoloji xidməti əraziyə gələrək insan qalıqlarını araşdırmağa və onların mənşəyini müəyyənləşdirməyə başlayıb. Hazırda mütəxəssislər məzarların hansı dövrə aid olduğunu və tarixini dəqiqləşdirməyə çalışırlar.

Maraqlıdır ki, ərazidə arxeoloji qazıntılar iyul ayından aparılsa da, məzarlar tikinti işləri zamanı üzə çıxıb. Sokkram bölməsinin rəhbəri Bruno Karmona bildirib ki, 20 illik fəaliyyəti ərzində tikinti meydançasında bu cür tapıntı ilə ilk dəfə qarşılaşıb.

Arxeoloqların ilkin araşdırma aparmasına şərait yaratmaq üçün ərazidəki işlər müvəqqəti dayandırılıb. Tapıntıların tarixi və qəbiristanlığın mənşəyi ilə bağlı araşdırmalar davam edir.

Samir

0