Kəlbəcərdə saxlanılan erməni diversanta hökm oxundu - YENİLƏNİB

16:27 / 07.12.2023
188

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib.

O, cəzasının ilk 5 ilini qapalı, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Qeyd edək ki, prokuror təqsirləndirlilən şəxs Qaqik Voskonyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

15.27

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edərək verilən ittihamların məhkəmə istintaqında öz təsdiqini tapdığını qeyd edib.

Prokuror Voskanyan Qaqik Aşotoviçin 18 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Qeyd olunub ki, o, cəzasının 5 ilini qapalı, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasını çəkib başa çatandan sonra Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmalıdır.

İş üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə ömürlük cəza tələb ediblər.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxış edərək müvəkkili barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş edib.

Voskanyan Qaqik Aşotoviç məhkəmədə son sözlə çıxış edərək, özünü ittihamlar üzrə təqsirli bilməyib və məhkəmədən ədalətli qərar çıxarılmasını ilə bağlı xahiş edib.

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.

11.00

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviç qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan ərazisinə odlu silah və döyüş sursatını gizli keçirib, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər edib.

“Report”un xəbərinə görə, bu barədə Voskanyan Qaqik Aşotoviçin ittiham aktında qeyd olunub.

Aktda göstərilib ki, aparılmış ibtidai istintaq zamanı müəyyən olunub ki, Voskanyan Qaqik Aşotoviç qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla, iki və ya daha çox zərərçəkmiş şəxsi xidməti vəzifəsinin yerinə yetirməsi, eləcə də, terrorçuluqla əlaqədar, habelə milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə odlu silahdan istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan digər hərəkətlər törətməklə terrorçuluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hərbi silahı, o cümlədən odlu silah və döyüş sursatını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmiş, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmiş,habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, özündə saxlamış və daşıyaraq gəzdirib.

Qeyd edək ki, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.

Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.

0