İnternetdə "Apple" şirkətinin ilk qatlana bilən smartfonunun yeni maket görüntüləri yayılıb. İddialara görə, cihaz "iPhone Ultra" adı ilə təqdim ediləcək.
HİT.az xəbər verir ki, "GSMArena" nəşrinin məlumatına əsasən, bu dəfə "YouTube" bloqeri "JamOnline" cihazın qara rəngli maketini nümayiş etdirib.
Sızdırılan məlumata görə, "iPhone Ultra" geniş qatlana bilən formata malik olacaq və dizayn baxımından "Huawei Pura X Max" modelini xatırladacaq. Bildirilir ki, cihaz qatlanmış vəziyyətdə qalınlığına görə "Samsung Galaxy Z Fold7" ilə müqayisə oluna bilər, açılmış vəziyyətdə isə qalınlığı cəmi 4,5 mm təşkil edəcək.
Yayımlanan görüntülərdə oval formalı modulda yerləşdirilmiş ikili əsas kamera görünür. Daxili ekranın sol yuxarı hissəsində ön kamera üçün dairəvi kəsik, xarici ekranda isə mərkəzdə yerləşən kamera dəliyi nəzərə çarpır.
Səs tənzimləmə düymələrinin cihazın yuxarı hissəsində, enerji düyməsinin isə yan tərəfdə yerləşəcəyi bildirilir. Bundan əlavə, ayrıca "Camera Control" düyməsinin də olacağı iddia edilir.
Mənbənin məlumatına görə, "iPhone Ultra" "A20 Pro" prosessoru, 12 GB operativ yaddaş, 5,49 düymlük xarici ekran və 7,76 düymlük elastik daxili displeylə təchiz ediləcək.
İddialara əsasən, "Apple" yeni modeli sentyabrın 8-də "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" ilə birlikdə təqdim edəcək.
Samir







