Rusiyaya gedəcək miqrantlar sınaq qarşısında…

DÜNYA
11:10 / 29.06.2026
203

Rusiyada miqrasiya prosedurları əcnəbilər üçün daha bahalı olacaq. 

Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiqlənən yeni qanunla vətəndaşlıq, yaşayış icazələri və əmək fəaliyyəti üçün tətbiq olunan dövlət rüsumları dəfələrlə artırılıb. Dəyişikliklərə əsasən, Rusiya pasportu almaq istəyən şəxslər artıq əvvəlkindən xeyli yüksək – 50 min rubl məbləğində dövlət rüsumu ödəyəcəklər. 

Eyni zamanda, müvəqqəti və daimi yaşamaq hüququnun rəsmiləşdirilməsi də daha böyük maliyyə xərci tələb edəcək. Xarici vətəndaşların iş icazəsi alması üçün ödənilən rüsum da hər işçi üzrə 15 min rubl səviyyəsində müəyyənləşdirilib. Yeni qaydalar xüsusilə Rusiyada işləməyi və ya uzunmüddətli yaşamağı planlaşdıran əcnəbilərin xərclərini əhəmiyyətli dərəcədə artıracaq. 

Maraqlıdır, bu qərar Azərbaycandan Rusiyaya üz tutan əmək miqrantlarının sayına və onların hüquqi statusunun rəsmiləşdirilməsinə necə təsir göstərəcək? 

Milli Məclisin deputatı Azər Allahverənov Hit.az-a açıqlamasında deyib ki, Vladimir Putin tərəfindən təsdiqlənən dəyişikliklər Rusiyanın miqrasiya sistemini daha seçici və nəzarət olunan modelə keçirmək niyyətindən xəbər verir: 

403035

“Rəsmi Moskva ölkəyə gələn əcnəbilərin sayından daha çox, onların iqtisadi və sosial baxımdan ölkəyə verə biləcəyi töhfəni ön plana çıxarmağa çalışır. Bu yanaşmanın əsas məqsədi miqrasiya axınını məhdudlaşdırmaq deyil, onu dövlətin maraqlarına uyğun istiqamətləndirməkdir. 

Lazım gəldikdə isə maliyyə və inzibati mexanizmlər vasitəsilə miqrasiya qaydalarının sərtləşdirilməsi də bu siyasətin tərkib hissəsi hesab olunur. Azərbaycan və Rusiya arasında formalaşmış əmək miqrasiyası uzun illərdir müəyyən sabitlik nümayiş etdirir. Buna görə də rüsumların artırılması bu axında ciddi dönüş yaradacaq amil kimi qiymətləndirilmir”.

Millət vəkilinin dediyinə görə, Rusiyaya işləmək üçün gedən insanların əsas motivasiyası daha yüksək gəlir əldə etməkdir: 

“Qazanc onları qane edərsə, sənədləşmə xərclərinin artması onların bu ölkədə işləmək planlarından tamamilə imtina etməsinə səbəb olmayacaq. Əksinə, əmək miqrantları artan xərcləri kompensasiya etmək üçün daha yüksək maaşlı işlərə üstünlük verməyə çalışacaqlar. Onlar həm yeni rüsumları ödəməyə, həm də ailələrinə maliyyə dəstəyi göndərməyə imkan verəcək gəlir əldə etməyə çalışacaqlar”.

A.Allahverənov hesab edir ki, bu qərar miqrasiya proseslərinə təsir göstərəcək. Lakin söhbət kəskin dəyişiklikdən deyil, cüzi azalmadan gedə bilər.

Günel Cəlilova

0