Britaniyalı tarixçi Norman Devis hesab edir ki, polyaklar Ukrayna və onun tarixi ilə bağlı bəyanatlarında daha ehtiyatlı olmalıdırlar, çünki Kiyevlə münasibətlərdə yaranacaq gərginlik Polşa üçün təhlükəli nəticələrə səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu fikirləri "Onet" nəşrinə müsahibəsində səsləndirib.
Tarixçinin sözlərinə görə, Ukrayna ilə mübahisə gələcəkdə Polşa üçün "bahalı başa gələcək" və bunun müəyyən nəticələri olacaq.
"Baş verənlər Polşa-Ukrayna münasibətlərində düşmənçiliyin mənbəyinə çevrilə bilər. Azad Polşanın mövcudluğu üçün əsas şərtlərdən biri qonşularla yaxşı münasibətlərin qorunmasıdır. Bu gün Polşanın şərq qonşusu Rusiya deyil, Ukraynadır. Moskva Polşa ilə Ukrayna arasında yaranan hər bir münaqişədən faydalanır. Tarixdə də buna bənzər hallar baş verib. Hesab edirəm ki, polyaklar Ukrayna və onun tarixi ilə bağlı açıqlamalarında daha ehtiyatlı olmalıdırlar", – deyə Devis bildirib.
O qeyd edib ki, münaqişə başa çatdıqdan sonra iki ölkə arasında mübahisəli tarixi məsələlərin araşdırılması üçün birgə Polşa-Ukrayna komissiyası yaradılmalıdır. Tarixçinin fikrincə, bu komissiya həqiqətlərin müəyyənləşdirilməsinə və tərəflər arasında barışığın əldə olunmasına xidmət edə bilər.
Norman Devis hesab edir ki, Polşa Ukraynada müharibə başa çatana qədər Kiyevin mübahisəli tarixi şəxsiyyətləri və təşkilatları tərifləməsi ilə bağlı məsələləri gündəmə gətirməməlidir. Onun fikrincə, əks halda ukraynalılar döyüş əməliyyatları davam etdiyi dövrdə bu mövzuların qaldırılmasına görə polyaklara qarşı ciddi narazılıq hiss edə bilərlər.
Məqalədə qeyd olunur ki, iyunun 19-da Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskini ölkənin ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edib. Nəşrin yazdığına görə, buna səbəb Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin briqadalarından birinə Ukrayna Üsyançı Ordusunun (UPA) xadimlərinin adının verilməsi ilə bağlı qərarı olub.
Volodimir Zelenski bu addımı Polşadakı daxili siyasi mübarizə ilə əlaqələndirsə də, Karol Navrotski ordenin geri alınmasının ölkədaxili siyasətlə bağlı olmadığını bildirib.
Samir


