Azərbaycan Mərkəzi Bankı bank və bank olmayan kredit təşkilatlarında istehlak kreditlərinin rəsmiləşdirilməsi ilə bağlı yeni tələblər müəyyənləşdirib.
Bununla əlaqədar Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərarı təsdiqləyib. Yeni qaydalara əsasən, kredit təşkilatları müştərilərə yazılı müraciət əsasında istehlak krediti müqaviləsinin məsafədən bağlanmasını, eləcə də mövcud kredit limitinin məsafədən artırılmasını bütün satış kanalları üzrə məhdudlaşdırmaq imkanı təqdim etməlidir. Belə məhdudiyyət yalnız müştərinin bank şöbəsinə şəxsən müraciət etməsi, gücləndirilmiş elektron imzadan istifadə etməsi və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə təsdiqlənən yazılı müraciəti əsasında ləğv oluna biləcək.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın qəbul etdiyi yeni dəyişikliklər rəqəmsal bankçılıq sahəsində təhlükəsizliyin artırılmasına yönəlib və xüsusilə kredit dələduzluğu risklərinin azaldılmasına xidmət edir:

“Son illər tez-tez rast gəlinən problemlərdən biri də vətəndaşın xəbəri və razılığı olmadan onun adına onlayn kredit rəsmiləşdirilməsidir. Dələduzlar müxtəlif üsullarla şəxsi məlumatları və ya bank hesabına çıxış imkanını əldə edərək qısa müddətdə kredit götürə bilirlər. Nəticədə isə zərərçəkən şəxs yalnız borcla bağlı bildiriş aldıqdan sonra hadisədən xəbər tutur"
Ekspert bildirib ki, yeni qaydalara əsasən, banklar müştərilərə əvvəlcədən məsafədən kredit rəsmiləşdirilməsi imkanını bağlamaq seçimi təqdim etməlidirlər:
“Bu o deməkdir ki, vətəndaş öz istəyi ilə banka müraciət edərək onlayn kredit funksiyasını deaktiv edə bilər. Sonradan kreditə ehtiyac yaranarsa, həmin məhdudiyyəti şəxsən müraciət etməklə və ya qanunvericilikdə nəzərdə tutulan təhlükəsiz identifikasiya vasitələri ilə aradan qaldırmaq mümkün olacaq.
Bu yanaşma vətəndaşın maliyyə təhlükəsizliyini gücləndirir, onun razılığı olmadan kredit götürülməsi ehtimalını əhəmiyyətli dərəcədə azaldır və dələduzluq sxemlərinə qarşı əlavə müdafiə mexanizmi yaradır”.
Günel Cəlilova


