Roma imperiyası qədim dünyanın ən inkişaf etmiş yol şəbəkələrindən birini sehr sayəsində deyil, düşünülmüş mühəndislik həlləri və sadə ölçü alətlərinin köməyi ilə qurub.
Hit.az xəbər verir ki, bu barədə “Antena 3 CNN” nəşri yazır.
Məqalədə qeyd olunur ki, keyfiyyətli yollar imperiyanın fəaliyyətinin əsas dayaqlarından biri idi. Onlar ordunun sürətli hərəkətini, ticarəti, inzibati idarəçiliyi və ucqar əyalətlərlə əlaqəni təmin edirdi. Buna görə də Roma mühəndisləri tikinti zamanı dəqiqliyə xüsusi önəm verirdilər.
Uğurun sirri mürəkkəb texnologiyalarda deyil, üç əsas alətin istifadəsində idi.
Onlardan birincisi “groma” idi. Bu alət düz bucaqları müəyyən etməyə və mümkün qədər düz marşrut çəkməyə imkan verirdi. Onun sayəsində tikinti ustaları hətta uzun məsafələrdə belə yolun istiqamətini dəqiq saxlaya bilirdilər.
İkinci mühüm alət “chorobates” adlanırdı. O, səthin üfüqiliyini yoxlamaq və maililiyi ölçmək üçün istifadə olunurdu. Bu alət xüsusilə yolların, akvedukların və digər mühəndis qurğularının tikintisində mühüm rol oynayırdı.
Ərazinin hündürlük fərqlərini müəyyən etmək üçün isə “dioptra” adlı cihazdan istifadə edilirdi. Bu alət dəqiq geodeziya ölçmələrinin aparılmasına imkan verirdi.
Nəşr vurğulayır ki, romalılar yolları hər bir halda tamamilə düz çəkməyə çalışmırdılar. Marşrut üzərində təbii maneələr olduqda mühəndislər relyefi nəzərə alır, dəqiqliklə praktikliyi uzlaşdıran həllər seçirdilər.
Bu günədək Roma dövründən qalan çoxsaylı yollar öz keyfiyyəti və dəqiq planlaşdırılması ilə diqqət çəkir. Onların bir qismi Avropanın müxtəlif ölkələrində müasir avtomobil yollarının əsasını təşkil edir.
Samir


