Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud immiqrasiya məsələləri üzrə hakim səlahiyyətlərinin xüsusi hazırlıq keçmiş adi vətəndaşlara verilməsini təklif edib. Məqsəd qeyri-qanuni miqrantların deportasiyası ilə bağlı işlərə baxılmasını sürətləndirməkdir.
HİT.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.
Nazir 2027-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulan Müstəqil İmmiqrasiya Apellyasiyalarına Baxış İdarəsinin yaradılması planını təqdim edib. Məlumata görə, bu quruma xüsusi hazırlıq keçmiş vətəndaşlar cəlb ediləcək.
Onların əsas vəzifəsi ölkədə sığınacaq almaq müraciəti rədd edilmiş əcnəbilərin məhkəməyə təqdim etdikləri apellyasiya şikayətlərinə baxaraq qərar qəbul etmək olacaq.
Şabana Mahmud həmçinin qeyri-qanuni miqrantların saxlanıldığı mərkəzlərin tutumunun artırılacağını açıqlayıb. Onun sözlərinə görə, bu mərkəzlər immiqrasiya qanunvericiliyini pozmuş və ya müxtəlif cinayətlər törətmiş 45 min nəfərin deportasiyası prosesində istifadə ediləcək.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin hesablamalarına əsasən, hazırda ölkədə deportasiya edilməli olan və müxtəlif hüquqpozmalara yol vermiş təxminən 20 min əcnəbi azadlıqda qalır.
Samir


