“Son illərdə ən çox rast gəldiyimiz problemlərdən biri uşaqların, yeniyetmələrin və gənclərin internetə, xüsusilə də sosial şəbəkələrə həddindən artıq bağlanmasıdır”.
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, əslində internet həyatımızı asanlaşdıran bir vasitədir:
“Problem internetdə deyil, onun həyatımızın mərkəzinə çevrilməsindədir. Elə bir nöqtə gəlir ki, insan virtual dünyada özünü real həyatdan daha rahat hiss etməyə başlayır. Bəzən valideynlər düşünürlər ki, “uşaq evdədir, gözümün qabağındadır, təhlükəsizdir”. Lakin fiziki olaraq evdə olmaq hər zaman psixoloji olaraq da ailənin içində olmaq demək deyil.
Əslində, eyni masada oturan ailə üzvlərinin hərəsinin əlində telefon olduqda, bir-birlərindən uzaqlaşırlar. Ünsiyyət azalır, emosional bağ zəifləyir və uşaq hisslərini paylaşmağı yox, telefon ekranına sığınmağı öyrənir”.
Ekspertin sözlərinə görə, ən çox narahatedici məqamlardan biri də sosial şəbəkələrin uşaqlara və yeniyetmələrə həyatın həqiqi tərəfini deyil, ən parlaq hissəsini göstərməsidir:
“Orada hər kəs xoşbəxt görünür, hamı uğurlu və gözəl şəkildə təqdim olunur. Bu isə xüsusilə yeniyetmə yaşlarında özünü başqaları ilə müqayisə etməyə səbəb olur. Nəticədə “Mən kifayət qədər yaxşı deyiləm”, “Mən uğursuzam”, “Mən digərləri kimi deyiləm” kimi düşüncələr formalaşmağa başlayır.
Bu da özünəinamın azalmasına, narahatlıq hissinin artmasına və bəzən depressiv əlamətlərə qədər gedib çıxa bilir. İnternet asılılığının başqa bir tərəfi də odur ki, insan real həyatda zövq almağı tədricən unudur. Əvvəllər dostlarla görüşmək, ailə ilə söhbət etmək, kitab oxumaq, idmanla məşğul olmaq sevindirirdisə, artıq bunlar maraqsız görünməyə başlayır”.
Psixoloq qeyd edib ki, sosial şəbəkələr çox sürətli stimul təqdim edir:
“Real həyat isə səbir, gözləmə və əmək tələb edir. Buna görə də uşaqlar dərsə fokuslana bilmir, tez yorulur, hər şeydən tez sıxılırlar. Uzun müddət ekran qarşısında qalmaq yuxu rejimini də pozur. Gec saatlara qədər telefondan istifadə edən uşaqlar səhər yorğun oyanır, diqqətlərini cəmləyə bilmirlər. Bu isə həm məktəbdəki nəticələrinə, həm də gündəlik əhval-ruhiyyələrinə təsir edir. Yorğunluq, əsəbilik, aqressiya və səbirsizlik getdikcə daha çox müşahidə olunur”.
Ülviyyə Ağazadə diqqətə çatdırıb ki, bir başqa problem isə ünsiyyət bacarıqlarının zəifləməsidir:
“Virtual aləmdə yazışmaq asan görünür, amma real həyatda söhbət etmək, fikir bildirmək, emosiyanı ifadə etmək və münasibət qurmaq çətinləşir. Son illərdə sosial narahatlıq yaşayan yeniyetmələrin sayının artmasının səbəblərindən biri də məhz budur. Onlar ekran arxasında özlərini rahat hiss etsələr də, real insanlarla ünsiyyətdə çətinlik yaşayırlar. Valideynlərin də burada böyük rolu var. Uşağa sadəcə “telefonu kənara qoy” demək kifayət etmir.
Əgər ailədə hər kəs boş vaxtını telefonla keçirirsə, uşaq da bunu normal davranış kimi qəbul edəcək. Uşaqlar deyilənləri yox, gördüklərini təkrarlayırlar. Ona görə də valideyn əvvəlcə özü nümunə olmalıdır. İnterneti tam qadağan etmək də doğru yanaşma deyil. Çünki bu gün texnologiya həyatımızın ayrılmaz hissəsidir. Əsas məsələ balans yaratmaqdır”.
Həmsöhbətimiz vurğulayıb ki, uşağın həyatında dostlar, hobbilər, idman, kitab, ailə söhbətləri və açıq havada keçirilən vaxt da olmalıdır:
“Virtual dünya real həyatı əvəz etməməli, sadəcə onu tamamlamalıdır. Uşaqların gələcəyini formalaşdıran telefon deyil, qurduqları münasibətlər, yaşadıqları təcrübələr və aldıqları sevgidir. Əgər biz onların uşaqlığını ekranlara həvalə etsək, sabah emosiyalarını ifadə etməkdə çətinlik çəkən, tənha hiss edən və real həyata uyğunlaşmaqda çətinlik yaşayan bir nəsillə qarşılaşa bilərik. Ona görə də bu gün atılan kiçik addımlar gələcəkdə onların psixoloji sağlamlığının ən böyük təminatlarından biri olacaq”.
Pərviz



