Şagirdlərin zehni düşünmə bacarığı niyə ikinci plandadır?

TƏHSİL
16:00 / 29.06.2026
212

Tənqidi düşünmə, analiz etmə və düzgün qərar vermə bacarığı müasir təhsilin əsas məqsədlərindən biri hesab olunur. 

Düzgün analiz etmə, hadisələr arasında səbəb və nəticə əlaqələrinin formalaşması erkən yaşlardan başlayır və məktəb təhsili bu prosesdə mühüm rol oynayır. Bu bacarıqların formalaşmasında məntiqin rolu danılmaz olsa da, fənn bütün məktəblərdə ayrıca tədris olunmur.

Nə üçün bəzi ümumtəhsil məktəblərində şagirdlərin analitik və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirən məntiq fənni tədris edilmir?

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli Hit.az-a açıqlamasında bildirib ki, məntiq fənninin tədris edilməsi dövrün tələblərilə üst-üstə düşəcək:


“Bəzi məktəblərdə məntiq fənninin tədris olunmamasının əsas səbəbi bu fənnin ümumtəhsil proqramında ayrıca və məcburi bir fənn kimi nəzərdə tutulmamasıdır. Təəssüf ki, bu gün bir çox təhsil müəssisəsində əsas diqqət daha çox imtahan nəticələrinə və proqramın icrasına yönəldilir. Şagirdlərin analitik düşünməsi, problem həll etməsi, səbəb-nəticə əlaqələrini qurma bacarıqlarının inkişafı ikinci plana keçirilir.

Halbuki, müasir dövr bizdən sadəcə məlumatı əzbərləyən yox, düşünən, analiz edən, qərar verən və qarşılaşdığı problemlərə yaradıcı yanaşa bilən gənclər yetişdirməyi tələb edir. Bu bacarıqların formalaşmasında isə məntiq xüsusi əhəmiyyət daşıyır. Məntiq şagirdin təkcə riyazi düşüncəsini deyil, eyni zamanda nitq mədəniyyətini, arqumentasiya bacarığını, həyati situasiyalarda düzgün qərar qəbul etmə qabiliyyətlərini də inkişaf etdirir”.

Ekspert məntiq fənninin tədrisi üçün ortaya çıxan problemlərdən söz açıb:
“Məktəblərdə ixtisaslı müəllim çatışmazlığı var ki, əlavə inkişafyönümlü fənlərin tədrisinə ayrılan resurslar məhduddur. Bəzi məktəblərdə bu boşluğu, məsələn, şahmat, debat klubları, müxtəlif intellektual dərnəklərlə doldurmağa çalışsalar da bu, bütün şagirdləri əhatə etmir”.

Həmsöhbətimizin fikrincə, gələcəyin təhsili tənqidi və analitik düşüncəyə əsaslanan yanaşma üzərində qurulmalıdır:
“Hesab edirəm ki, gələcəyin təhsili yalnız faktları öyrətməyə deyil, düşünməyi öyrətməyə əsaslanmalıdır. Bu baxımdan, məntiqin ayrıca fənn kimi və ya digər fənlərin məzmununda inteqrasiya olunmuş şəkildə daha geniş tətbiqi zamanın və günün tələbidir”.

Mütəxəssis məktəblərdə məntiq fənninin keçilməsini vacib hesab edir:
“İntellektual səviyyəsi yüksək, tənqidi düşünən, analitik təfəkkürə malik gənclər yetişdirmək istəyiriksə, məktəblərdən başlamalıyıq və məktəblərdə məntiqi düşüncənin inkişafına xüsusi önəm verməliyik”.

Arzu İbrəhimova

0