Bir çox məktəb müəllimi həm də şagirdləri yanına hazırlığa çağırır.
Lakin əfsuslar olsun ki, bəzi müəllimlər hətta şagirdləri yanlarına hazırlığa gəlməyə məcbur edirlər. Onlar, hazırlığa gəlməyən şagirdlərə bilərək aşağı qiymət yazırlar. Nəticədə, valideynlər məcbur qalaraq övladlarını həmin müəllimin yanına hazırlığa göndərirlər.
Bəs belə müəllimlərə qarşı hansı addımlar atılmalıdır? Bunun öhdəsindən necə gəlmək olar?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirib ki, bu məsələ hüquqi müstəvidə həll olunmalıdır:
"Əgər valideynin məktəb rəhbərliyinə məlumat verməyinə baxmayaraq, şagirdləri hazırlığa gəlməyə vadar edən müəllimə qarşı hansısa tədbir görülmürsə, hüquqi müstəvidə şikayət olunmalıdır. Birinci alternativ variant olaraq həmin müəllim barəsində Elm və Təhsil Nazirliyinə şikayət ünvanlamaq olar. Daha sonra məhkəməyə də müraciət edilə bilər. O zaman müəllim barəsində həm nazirlik, həm də məhkəmə səviyyəsində araşdırma aparılması mümkündür".
Ekspertin sözlərinə görə, belə hallarla qarşılaşan valideyn bu barədə sosial şəbəkələrdə də paylaşım edə bilər:
"Nəticədə media nümayəndələri də sözügedən şikayəti işıqlandıra bilər. Belə hallar mətbuatda işıqlandırılsa və bir neçə müəllimə inzibati tənbeh verilsə, bəlkə də digər müəllimlərə də nümunə olar. Yəni bu addımı atan başqa müəllimlər də əməllərinin yanlış olduğunu başa düşərlər. Bu addımları atmaqla belə halların qarşısı alına bilər".
Pərviz