Bəzi liderlər bir ölkəni idarə edir, bəziləri isə bir dövlətin taleyinə çevrilir.
Tarixin elə dönəmləri olur ki, xalqın qarşısında yalnız bir sual dayanır: dövlət necə qorunacaq və gələcək nəsillərə necə çatdırılacaq? Azərbaycan üçün bu sualın cavabında Heydər Əliyevin adı xüsusi yer tutur.
Onun siyasi fəaliyyətini yalnız tutduğu vəzifələrin, verdiyi qərarların və keçdiyi yolların ardıcıllığı ilə ölçmək mümkün deyil. Çünki Heydər Əliyevin Azərbaycan tarixindəki rolu bir dövrün idarəçiliyindən daha genişdir. O, milli düşüncənin güclənməsi, dövlətçilik anlayışının möhkəmlənməsi və müstəqil Azərbaycanın gələcək siyasi xəttinin formalaşması ilə bağlı uzunmüddətli prosesin əsas simalarından biri oldu.
1969-cu ildə Azərbaycana rəhbərliyə gəlməsi ilə başlayan mərhələ sonrakı onilliklərdə ölkənin siyasi, iqtisadi və ictimai həyatında mühüm izlər buraxdı. 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan isə qısa müddət sonra ağır siyasi və hərbi sınaqlarla üz-üzə qaldı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı məhz belə mürəkkəb bir mərhələyə təsadüf etdi və ölkənin sonrakı inkişaf istiqamətinin müəyyənləşməsində dönüş nöqtəsinə çevrildi.
Heydər Əliyevin adı Azərbaycan tarixində təkcə keçmişlə deyil, müstəqillik ideyasının dövlətçilik ənənəsinə çevrilməsi ilə də bağlıdır. Onun siyasi irsinə nəzər saldıqda bir həqiqət aydın görünür, müstəqil dövlət yalnız sərhədləri olan ölkə deyil, onu yaşadan milli iradə, güclü dövlətçilik düşüncəsi və gələcəyə hesablanmış siyasi baxışdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövlət müstəqilliyini 1991-ci il oktyabrın 18-də bərpa etsə də, həmin dövrdə real müstəqillikdən danışmaq mümkün deyildi:

“Bir-birini əvəz edən siyasi komandalar Azərbaycanın mövcud problemlərini həll etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdırırdılar. Buna səbəb onların idarəetmə təcrübəsinin yetərli olmaması, dünya siyasətində gedən proseslərdən xəbərsizliyi və ən əsası, xalq arasında kifayət qədər dəstəyə malik olmaması idi.
Bütün bunlar Ermənistanın Azərbaycan torpaqlarının işğalını genişləndirməsinə, cəmiyyətdə gərginliyin artmasına və iqtisadi problemlərin daha da ağırlaşmasına gətirib çıxardı.
Lakin Azərbaycanın bir hissəsində - Naxçıvan Muxtar Respublikasında təcrübəli siyasətçi Heydər Əliyevin rəhbərliyi bu problemlərin həmin bölgədə müəyyən qədər azalmasına imkan verirdi. Burada islahatlar həyata keçirilir, qonşu dövlətlərlə iqtisadi əlaqələr qurulur, sahibkarlığın inkişafına dəstək verilirdi. Nəticədə Naxçıvan Azərbaycanın digər bölgələri ilə müqayisədə keçid dövrünün problemlərindən daha az əziyyət çəkirdi”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda gedən proseslər 1993-cü ilin iyununda son dərəcə ağır vəziyyətə çatdı:
“Respublika vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Belə bir şəraitdə Azərbaycan xalqı Heydər Əliyevi böyük siyasətə çağırdı. Onun təcrübəsi və siyasi nüfuzunun Azərbaycanı dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edə biləcəyi vurğulanırdı. Heydər Əliyevin əvvəlcə Azərbaycan Respublikası Milli Məclisinin sədri, daha sonra Prezident səlahiyyətlərini icra edən şəxs və Prezident seçilməsi ölkənin qarşılaşdığı ağır problemlərin aradan qaldırılmasına şərait yaratdı.
Bu dövrdə dövlət aparatı gücləndirildi, ordu quruculuğuna ciddi diqqət yetirildi, iqtisadi islahatların həyata keçirilməsi üçün hazırlıq işləri aparıldı. 1994-cü ilin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi bir sıra uğurlu əməliyyatlar nəticəsində işğal altında olan ərazilərin əhəmiyyətli hissəsinin azad edilməsi mümkün oldu. Atəşkəsə nail olunması isə Azərbaycana digər problemlərin həllinə vaxt ayırmaq imkanı verdi”.
Deputat diqqətə çatdırıb ki, yeni Konstitusiya hazırlandı və onun əsasında genişmiqyaslı islahatlar həyata keçirildi:
“Hüquq, məhkəmə və idarəetmə sahələrində aparılan islahatlar öz nəticələrini verməyə başladı. İqtisadi sahədə özəlləşdirmənin həyata keçirilməsi Azərbaycanda bazar münasibətlərinin formalaşmasına şərait yaratdı. Bunun nəticəsində inflyasiya üçrəqəmli səviyyədən birrəqəmli səviyyəyə endi, Azərbaycan manatı möhkəmləndi və ölkə iqtisadiyyatına investisiya yatırmaq istəyən xarici şirkətlərin sayı artmağa başladı.
Ulu Öndərin milli maraqlara cavab verən siyasəti nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycanın təbii sərvətlərini müstəqil şəkildə dünya bazarına çıxarmasına imkan yaratdı. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin fəlsəfəsini formalaşdırdı və onu həyata keçirdi. Eyni zamanda, Azərbaycanın gələcəyə uğurla apara biləcək siyasi komandanın formalaşmasına şərait yaratdı”.
Aydın Mirzəzadə vurğulayıb ki, Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan Prezident İlham Əliyevin fəaliyyəti dövründə isə ölkənin əldə etdiyi uğurlar daha da artıb:
“Bu gün Azərbaycan müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirib. Azərbaycan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad edib. Ölkə bu gün dünya birliyində tanınan və qəbul edilən dövlətlərdən biri kimi qiymətləndirilir.
Azərbaycanın ərazisi və əhalisi böyük olmasa da, həyata keçirdiyi siyasət, formalaşdırdığı iqtisadi sistem və vətəndaşa xidmət edən dövlət aparatı ölkənin beynəlxalq miqyasda təsir imkanlarının artmasına şərait yaradıb. Bu baxımdan Azərbaycanın “orta güc” kimi xarakterizə edildiyi qeyd olunur. Bütün bunlar fonunda Ümumilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasında əvəzolunmaz rol oynayıb və o, ölkəmizin müstəqilliyinin qurucusudur”.
Sevinc


