Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq və qarşılıqlı əməkdaşlıq ənənələrinə əsaslanır.
Hər iki ölkə siyasi dialoqun genişləndirilməsində, iqtisadi tərəfdaşlığın gücləndirilməsində və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafında maraqlıdır. Xüsusilə son illərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda bu əməkdaşlığın daha geniş imkanlar qazanması diqqət çəkir.
Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamaında bildirib ki, Azərbaycanla Vyetnam arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur:

“Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsinə töhfə verəcək. Azərbaycan üçün Vyetnam, xüsusilə qeyri-neft məhsullarının ixracı baxımından perspektivli bazarlardan biri hesab oluna bilər. Hazırda iki ölkə arasındakı ticarət dövriyyəsinin 96 faizdən çoxu Vyetnamdan idxalın payına düşür.
Bu baxımdan Azərbaycanın əsas hədəflərindən biri ticarət balansını yaxşılaşdırmaq və yerli məhsulların Vyetnam bazarına çıxışını genişləndirməkdir. Xüsusilə həmin regionda ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatın yüksək olması Azərbaycan istehsalçıları üçün yeni ixrac imkanları yaradır”.
Millət vəkili əlavə edib ki, Azərbaycan-Vyetnam əməkdaşlığında enerji, investisiya və nəqliyyat-logistika istiqamətləri də xüsusi əhəmiyyət daşıyır:
“SOCAR ilə Vyetnam şirkəti arasında əldə olunan anlaşma enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Hazırda Vyetnamın yeddi şirkəti Azərbaycanda, o cümlədən bərpaolunan enerji istiqamətində müxtəlif layihələrdə fəaliyyət göstərir. Qarşılıqlı investisiyaların artırılması və ticarət dövriyyəsinin genişləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına uyğundur.
Bununla yanaşı, beynəlxalq daşımalar və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi də mühüm hədəflərdəndir. Azərbaycan üzərindən Vyetnama və əks istiqamətdə məhsulların daşınmasının genişləndirilməsi yeni ticarət marşrutlarının inkişafına şərait yarada bilər. Bütün bu istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi Prezidentin Vyetnama səfərinin iqtisadi əhəmiyyətini daha da artırır”.
Sevinc


