Ailə qurmaq iki insanın birgə həyatına başlamasıdır.
Lakin Azərbaycanda bəzən bu birlik yalnız ər və arvadın münasibətlərindən ibarət olmur. Yeni qurulan ailənin qərarlarına valideynlər, qayınana, qayınata, hətta digər qohumlar da qarışır. Nəticədə iki insanın öz aralarında həll edə biləcəyi məsələlər ailələrarası mübahisəyə çevrilir. Bəzən isə bu müdaxilələr münasibətlərin getdikcə gərginləşməsinə və boşanma qərarına qədər gedib çıxır.
Son illər boşanmaların artması fonunda ailə böyüklərinin gənc ailələrə müdaxiləsi də tez-tez müzakirə olunan məsələlərdəndir. Xüsusilə qayınana-gəlin münasibətləri cəmiyyətdə boşanmaların səbəblərindən biri kimi göstərilir.
Bəs həqiqətən də ailələrin dağılmasında qayınana müdaxiləsi nə dərəcədə rol oynayır?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, gənc ailə qurulduqdan sonra ər və arvadın öz qaydalarını, gündəlik həyat tərzini və qərarvermə mexanizmini formalaşdırmasına ehtiyac var:

“Ancaq bəzi valideynlər övladlarının evlənməsini onların həyatına müdaxilə etmək hüququnun bitməsi kimi qəbul etmirlər. Harada yaşayacaqlarından tutmuş, nə geyinəcəklərinə, uşağı necə böyüdəcəklərinə, hansı qohumla münasibət saxlayacaqlarına qədər bir çox məsələyə qarışırlar.
Xüsusilə gəlinin ailəyə uyğunlaşması adı altında ondan davamlı güzəşt tələb edilməsi, hər addımının tənqid olunması, həyat yoldaşı ilə bağlı qərarlarına müdaxilə edilməsi münasibətlərdə ciddi narazılıq yarada bilər. Digər tərəfdən, bəzi hallarda gəlinin də ərinin valideynlərinə qarşı hörmət və ünsiyyət sərhədlərini qoruya bilməməsi münaqişələri dərinləşdirir. Yəni məsələni yalnız bir tərəfin üzərinə qoymaq düzgün olmaz”.
Sosioloqun dediyinə görə, böyüklərinin müdaxiləsinə sərhəd qoymaq onların hörmətini itirmək demək deyil:
“Valideynə hörmət etmək onun hər qərarını qəbul etmək, hər istəyinə uyğun yaşamaq anlamına gəlməməlidir. Eyni zamanda, valideynlər də övladlarının ailə həyatında özlərinə əvvəlki qədər söz sahibi olmaq haqqı görməməlidirlər. Ən vacib məqamlardan biri də budur ki, ailə böyükləri münaqişə zamanı alovu körükləyən deyil, tərəfləri sakitləşdirən mövqedə dayanmalıdırlar.
Bəzən bir ananın gəlininə dediyi sərt söz, bir qayınananın davamlı müqayisələri, yaxud bir atanın ailədaxili məsələyə müdaxiləsi uzun müddət yaddaşdan silinmir. Eyni zamanda, gənclərin də böyüklərin təcrübəsinə qulaq asması, qarşılıqlı hörməti qoruması vacibdir”.
Sevinc


