Evlərində köhnə rəqəmsal fotoaparat saxlayanlar üçün maraqlı xəbər var. Vaxtilə adi məişət texnikası hesab edilən bəzi modellərin ikinci əl bazarında qiyməti son beş ildə bir neçə dəfə artıb. Xüsusilə Canon, Fujifilm və Panasonic markalarının kompakt fotoaparatlarına tələbat yüksəlib.
HİT.az xəbər verir ki, bu nəticəyə işlənmiş foto və video avadanlıqlarının satışı ilə məşğul olan MPB platformasının analitikləri gəlib. Araşdırmada 2021-ci il oktyabrın 16-sı ilə 2026-cı il oktyabrın 16-sı arasında fotoaparatların alış qiymətləri müqayisə edilib.
Məlum olub ki, kompakt fotoaparat modellərinin 78 faizinin alış qiyməti artıb. Bu kateqoriyada işlənmiş cihazların orta qiyməti beş il ərzində 24 faiz yüksəlib.
Ən böyük bahalaşma 2010-cu ildə istehsal olunan Canon PowerShot G12 modelində qeydə alınıb. MPB platformasının bu fotoaparat üçün təklif etdiyi qiymət 2021-ci ildəki 95 avrodan 2026-cı ildə 400 avroya yüksəlib. Beləliklə, artım 321 faiz təşkil edib.
Digər Canon modellərinin qiymətində də ciddi artım var. Canon PowerShot G7 X II üçün təklif olunan məbləğ 285 avrodan 665 avroya, Canon PowerShot G7 X modelində isə 215 avrodan 490 avroya çatıb.
Qiyməti artan digər fotoaparatlar
Dəyişilən obyektivlərlə işləyən fotoaparatların bazarında isə fərqli mənzərə müşahidə olunur. Köhnə güzgülü DSLR modellərinin alış qiymətləri orta hesabla təxminən üçdəbir azalıb. Güzgüsüz DSLM fotoaparatlarında da median qiymət enişi 22 faiz təşkil edib.
Bununla belə, bəzi kiçik güzgüsüz modellər bahalaşma tendensiyasına qoşulub. Məsələn, Fujifilm X-M1 modelinin qiyməti 88 avrodan 230 avroya, Olympus PEN E-PL3-ün qiyməti 37 avrodan 95 avroya yüksəlib. Panasonic Lumix DMC-GM5 üçün təklif olunan məbləğ isə 180 avrodan 435 avroya çatıb.
Araşdırmaya ümumilikdə 883 fotoaparat və obyektiv modeli daxil edilib. Onlardan yalnız 127-nin alış qiyməti artıb. Bu, tədqiq olunan avadanlıqların təxminən 14 faizini təşkil edir.
Analitiklər vurğulayırlar ki, bütün köhnə fotoaparatlar kolleksiya dəyəri qazanmır. Buna görə də evində köhnə Canon, Fujifilm və ya Panasonic kompakt fotoaparatı olanların onun hazırkı bazar qiymətini yoxlaması faydalı ola bilər.
Samir


