Son günlər ölkə mətbuatında yetkinlik yaşına çatmayan qızların nikaha daxil olması ilə bağlı bir neçə məlumat yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu gün yayılan məlumatda Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi bildirilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən toy mərasiminin keçirilməsinin qarşısı alınıb. Araşdırma zamanı qızın 16 yaşının tamam olduğu müəyyənləşib.
Təxminən bir həftə əvvəl oxşar hadisə Ağdaş rayonunda da qeydə alınıb. Yayılan məlumata görə, nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsi barədə daxil olmuş məlumat əsasında polis tərəfindən araşdırma aparılıb və hüquqazidd əməlin qarşısı alınıb.
Məlumat üçün bildirək ki, qızların ilk rəsmi nikaha daxilolma yaşına görə Azərbaycan keçmiş SSRİ ölkələri və region dövlətləri arasında ilk sıralarda qərarlaşıb.
Açıqlanan rəsmi məlumatlara görə, Azərbaycanda ilk dəfə rəsmi nikaha daxil olan qadınların orta yaş həddi 24 olub.
Qeyd edək ki, bu göstərici keçmiş SSRİ və region ölkələrində aşağıdakı kimi olub:
Tacikistan – 22,1 yaş
Özbəkistan – 22,7 yaş
Türkmənistan – 23,3 yaş
Qırğızıstan – 23,6 yaş
Azərbaycan – 24 yaş
İran – 24 yaş
Qazaxıstan – 25 yaş
Rusiya – 26 yaş
Moldova – 26 yaş
Belarus – 26,1 yaş
Türkiyə – 27 yaş
Ermənistan – 27,1 yaş
Litva – 28,3 yaş
Ukrayna – 29,2 yaş
Gürcüstan – 29,4 yaş
Estoniya – 30,4 yaş
Latviya – 30,6 yaş
Məlumat üçün onu da qeyd edək ki, qadınların ən gec rəsmi nikaha daxil olduğu orta yaş İspaniyada (38,8 yaş), Çilidə (37,8 yaş), Niderlandda (37,6 yaş), Norveçdə (36,8 yaş) və Argentinada (36,8 yaş) qeydə alınıb.
Qadınların nikaha ən tez daxil olduğu ölkələr isə Tanzaniya (19 yaş), Liberiya (19 yaş), Mali (19,1 yaş), Çad (19,1 yaş) və Nigeriya (19,2 yaş) olub.


