Bakıda lift korrupsiyası davam edir? - FOTOLAR

ÖLKƏ
16:43 / 08.06.2020
2490

“Almaniya istehsalı olan ən müasir liftlərin quraşdırılması göyərti, toyuq satanlara həvalə edilir…”

Məlum olduğu kimi, 2018-ci ildə Azərbaycanın lift təsərrüfatıyla bağlı böyük bir qalmaqal baş verdi. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov külli miqdarda korrupsiya əməllərinə görə işindən azad edildi və fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun cinayət işi qaldırıldı. Və yekunda ölkənin lift təsərrüfatında biabırçı faktlar üzə çıxdı…

Bakı və digər iri şəhər və rayon mərkəzlərinin sakinləri inanmağa çalışdı ki, bundan sonra bəhs edilən sahəyə təyin olunan yeni rəhbərlər etimadı doğruldacaq…

Təəssüf ki, araşdırmalar göstərir ki, hələ də bəzi məmur və özəl qurum əməkdaşları sözügedən lift qalmaqalından, eləcə də ölkədə müxtəlif nazirlik, icra hakimiyyətləri və digər qurumlardakı korrupsiya faktlarıyla bağlı edilən həbslərdən nəticə çıxarmayıblar…

Moderator.az redaksiyasına Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 20 A ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yaşayan yerli sakinlər və məcburi köçkünlər tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə( surətləri Baş Prokuror Kamran Əliyevə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova) ünvanlanmış şikayət daxil olub. Şikayət mətnində deyilir:

“1990-cı ildə istifadəyə verilmiş 3 blokdan ibarət 16 mərtəbəli binamızda hazırda 126 ailə, yaxud 650 sakin yaşayır. Bina istismara verilən gündən hər blokda iki - böyük və kiçik lift olub. Təəssüf ki, 1990-ci ildən bəri binamızdakı böyük liftlər bir gün, bir saat olsun, işləməyib. Bakı “Lift-təmir” İB-nin əvvəlki rəhbərliyinə dəfələrlə həmin liftlərin bərpası üçün müraciət edilsə də, heç bir tədbir görülmədi. Əksinə, son 5-10 il ərzində liiftləri düzəltmək əvəzinə, olan-qalan ehtiyat hissələrini də söküb apardılar. Xətai rayonunda yerləşən “Lift-təmir” İB-nin 3 saylı “Baklift” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sözügedən idarədə kadr dəyişikliyindən sonra sakinlər adından liftlərimizin bərpası xahişi ilə Baki “Lift-təmir” İB-nin direktoru Xalid Ələkbərova müraciət etdik. Müraciətimizdən qısa müddət sonra idarə əməkdaşları cəmi iki həftə ərzində binamızdakı həm böyük, həm də kiçik liftləri yüksək səviyyədə bərpa və təmir edərək sakinlərin istifadəsinə verdilər. Hətta buna görə X.Ələkbərov başda olmaqla bütün qurum əməkdaşlarına saytınız vasitəsilə təşəkkür də ünvanladıq. Bir ilə yaxın həmin liftlər normal işlədi…

2019-cu ilin noyabr-dekabr aylarında isə həmin il fevralın əvvəlində Respublika Prezidentin “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq bizim binadakı liftlər Bakı “Lift-təmir” İstehsalat Birliyinin Almaniyanın “Wittur Holding GMBH” şirkətinin istehsalı olan ən müasir standartlara uyğun tipli liftlər quraşdırıldı. Lakin istifadəyə verilməsindən cəmi 5-6 ay keçməsinə rəğmən artıq liftlərin çoxu sıradan çıxıb, qəzalı vəziyyətə düşüb. Liftlər mütəmadi olaraq xarab olur, sakinlərə, xüsusən yaşlı, qadın, uşaq və xəstə vətəndaşlara olmazın əziyyətlər verir. Enib-qalxarkən titrəyişdən, səs-küydən qulaq tutulur, sanki lift şaxta divarlarına çırpılır. Qurğular gözələnilmədən dayanır, qapılar bağlı qalır və xəstə, ahıl sakinlər, qadın və uşaqların həyəcandan bağrı yarılır. Bu günlərdə Laçın rayonundan məcburi köçkün, 92 yaşlı Mikayıl Zeynalov da xeyli müddət bağlı liftdə qalaraq həyati təhlükəyə məruz qalıb.

Əgər lift xarab olursa, onu binada təmir edə bilən mütəxəssis yoxdur. Gərək zəng edəsən, “Gənclik” metrosunun yaxınlığındakı ofislərindən azı, bir neçə saat, bəzən bir neçə gün ərzində mühəndislər gəlib onu təmir edə, yaxud qapısını aça ki, insanlar oradan çıxa bilə. Elə vəziyyət yaranıb ki, artıq biz - bina sakinləri köhnə sovet liftlərinin “atasına rəhmət oxuyuruq”…

Cənab Prezident! Biz belə bir nəticəyə gəlmişik ki, bütün bu problemlərə səbəb tenderi udaraq(?) liftləri quraşdıran şirkətin ucuz işçi qüvvəsi vasitəsilə qazanc əldə etmək məqsədi olub. Belə ki, ən müasir dünya standartlarına uyğun liftlərin quraşdırılması binamızın yaxınlığındakı bazarda alverçilik edən, tanıdığımız toyuq satan, göyərti satanlara və s. həvalə olunub. Və qeyri-peşəkar fəhlələrin quraşdırdığı liftlərdə ciddi problemlərin yaranması təbii haldır.

Digər səbəb isə işçilərin zəhmət haqqının vaxtında ödənilməməsidir. Fəhlələrin sözlərinə görə, yarım ilə yaxındır, liftlərin quraşdırılamasında iştirak etmiş işçilərin hər birinə 2000-3000 AZN əmək haqqı borcları var. İndi də deyirlər ki, pandemiya, karantin dövrü ilə bağlı maaşlarınızın yarısı batıb gedir, vermirik. Görəsən, həmin şirkət rəhbərliyinə məlum deyil ki, cənab Prezident karantin dövründə heç bir kəsin işdən azad edilməməsi və heç bir vətəndaşın əmək haqqının kəsilməməsi haqda göstəriş verib. Axı liftin quraşdırılması zamanı binada görülən bütün işlər dəqiqliklə hesablanaraq fəhlələrin əmək haqqı ödənilməlidir. Bəs Prezident sərəncamı əsasında dövlət tərəfindən ayrılan həmin pullar haraya sərf olunub?..

Cənab Prezident! Biz bu müraciəti may ayının ortalarından hazırlamışdıq. Ancaq bundan xəbərdar olan liftləri quraşdıran qurum rəhbərliyi bizdən möhlət istədi. “Vittur” şirkətinin direktoru Tural Nəcəfov söylədi ki, bağışlayın, bəzi işçilər səhlənkarlıq edib, təxminən bir həftəyə problemləri aradan qaldırıb, liftləri saz vəziyyətdə sizə təhvil verəcəyik. Düşündük ki, bəlkə də doğru söyləyirlər. Və bir həftə sonra doğrudan da binada liftlər qaydasında işləməyə başladı. Lakin sevincimiz cəmi bir neçə gün çəkdi. Liftlərimizdə yenidən oxşar problemlər yaranmağa başladı. Odur ki, Sizin qiymətli vaxtınızı alaraq media vasitəsilə şikayətimizi nəzərinizə çatdırmağa məcbur olduq.

Təqdim etdiyimiz fotolardan da bəhs edilən şirkətin üzərinə düşən işləri hansı səviyyədə icra etdiyi bəlli olur.

Cənab Prezident! Xahiş edirik, biz vətəndaşların bəhs etdiyi problemin həlli və bu problemin yaranmasına səbəb olaraq aylarla bizləri əziyyətlərə, həyati təhlükələrə salan, mənəvi, psixoloji sarsıntılara məruz qoyan qurum və vəzifəli şəxslər barədə tədbir görülməsi üçün müvafiq dövlət orqanlarına göstəriş verəsiniz”.

QEYD:

Bakı “Lifttəmir” idarəsinin müəyyən etdiyi tenderi udduğu deyilən və bəhs edilən ünvandakı binada liftləri quraşdıran və sonradan təmir edən “Vittur” şirkətinin rəhbəri Tural Nəcəfov redaksiyamıza sakinlərin şikayəti daxil olduğu ilk gündə saytın əmədaşına açıqlamasında bildirib ki, hazırda sözügedən şirkət fəaliyyətini dayandırıb. “Lakin bəli, həmin binada lift quraşdıırımasını biz təşkil etmişik. Düzdü, son günlər problemlər yaranıb və liftlər söndürülüb, tezliklə təmir edilib sakinlərin istifadəsinə veriləcək. Hazırda orada işlər gedir. Montaj qrupları işləyib, görünür onlar işlərinə səhlənkar yanaşıblar. Biz həmin qrupun rəhbərini kənarlaşdırmışıq, yenisini təyin etmişik. Hazırda binada 3 lift işləyir, digərlərində də təmir gedir”.

“Bəs işlərə vaxtında niyə nəzarət olunmayıb?” sualına T.Nəcəfov belə cavab verib:

“Vaxtında nəzarət edirdik. Ancaq işlərin həcmi çox idi, biz də orada işləyənlərə güvənmişdik... Onlarsa müəyyən məsələlərə səhlənkar yanaşıblar. Bunları da özümüz aradan qaldırıracağıq...”

“İşçilərin maaşı niyə vaxtında ödənilmir” sualına cavabında isə şirkət rəhbəri bildirib ki, belə bir problem yoxdur, maaşlar verilir. “Bu, bizimlə əlaqəli olan məsələ deyil. Bu gün özümüzdən 1200 manat əlavə pul xərcləyib işləri tənzimləməyə çalışırıq...”

Maraqlıdır, bəs görəsən Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlərin dəyişdirilməsi ilə əlaqədar bağlanan müqavilələr və görülən işlərə tərəfindən ciddi nəzarət olunacağına söz verən Bakı Şəhər İcra Hakimiyyəti, o cümlədən Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin iki ilə yaxındır işləyən yeni direktoru Xalid Ələkbərov “Vittur” şirkətinin işlərinə necə nəzarət edib?..

Xatırladaq ki, “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 5 fevral tarixli sərəncamına əsasən bu məqsədlə dövlət büdcəsindən ayrılmış 40 milyon manat həmin sərəncama 26 noyabr 2019-cu il tarixli dəyişikliklə əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb...

Materialda adları çəkilən qurum və səlahiyyətli şəxsləri dinləməyə hazırıq.

1
Moderator.az