Müəssisələr vəsaiti qanundankənar xərcləyə bilərlər - Bu necə olur?

ÖLKƏ
21:16 / 17.09.2026
41

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər".

Oxu.Az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev Milli Məclisin bugünkü iclasında "Dövlət satınalmaları haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, həmin qanunda müəyyən istisnalar var:

"Qanunun 3.2.8-ci maddəsində qeyd olunur ki, kommersiya müəssisələri vəsaitlərindən istifadə etdikdə "Dövlət satınalmaları haqqında" Qanunun çərçivəsindən kənarda qalırlar. Özləri təsdiq etdikləri qaydalar çərçivəsində istədikləri kimi pullarını lazım olan malların alınmasına xərcləyə bilərlər. Qanun layihəsi hazırlanarkən bir sıra müəssisələr, dövlət təşkilatları təşəbbüslə çıxış etdilər ki, kommersiya müəssisələrinin operativ fəaliyyətini təmin etmək üçün "Dövlət satınalmaları haqqında" Qanunun çərçivəsi çox çətindir. Deyə bilərik ki, bu, SOCAR-dır, "Aqrarkredit"dir, Azərbaycan Dəmir Yollarıdır, Azərbaycan Beynəlxalq Bankıdır. Hansı ki, bunlar kommersiya müəssisələridir. Amma o zaman qanun layihəsi təsdiq olunanda bir sıra limitlər, məhdudiyyətlər formalaşdı.

Əgər vəsaitləri özlərinindirsə, onları qanundankənar xərcləyə bilərlər".

Onun sözlərinə görə, digər məhdudiyyət ondan ibarətdir ki, bu müəssisələrdə Müşahidə Şurası olmalıdır:

"Hazırda bu müəssisələrin, məsələn SOCAR-ın öz qaydaları var. Həmin qaydalar müəyyən olunub və şəffaf, aydın şəkildə tətbiq olunur.

Biz yenə qanunvericiliyə əlavə etdik ki, hətta onlar öz qaydalarına uyğun olaraq vəsaiti xərcləyirlərsə, həmin vəsait üzrə müqavilələrin bağlanılması xüsusi rəqəmsal maliyyə vasitəsilə baş verməlidir. Baxın, qeyd olunan 3.2.8-ci maddə hazırda da qüvvədədir. Müddət getdikcə bir sıra dəyişikliklər oldu və konkret olaraq "AZCON Holding" yarandı. Holdinqin tərkibində olan müəssisələr də operativ fəaliyyətlə məşğuldurlar. O siyahı kifayət qədər genişdir. Buraya "Azərbaycan Hava Yolları" (AZAL), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) və "Bakı Metropoliteni" QSC-lər, "Aztelekom" MMC daxildir. Bu müəssisələrin hər biri kommersiya xarakterlidir.

Bir müddət əvvəl bu holdinq formalaşdıqdan sonra təkliflə çıxış etdik ki, biz də bu müəssisələri həmin kateqoriyaya aid edək. Konkret olaraq 3.2.8.1-ci maddə "AZCON Holdinq"in müəssisələrinə eyni hüququ vermək üçün təklif olunan dəyişiklikdir".

0