Hüseyn Cavidin qisası belə alındı - Firuz Mustafa yazır

ÖLKƏ
21:58 / 13.06.2020
2437

- Bura bax filosof, nə işlə məşğulsan, nə yazıb-pozursan?

- Bekarçılıqdır, Abbas müəllim.

- Onda gəl bir az gəzişək. Bu gün yaxşı hava var. Heç yay havasına oxşamır. Həm də sənə bir söz demək istəyirəm.

Abbas Zamanov qoluma girib asta, ehtiyatlı addımlarla irəliyə doğru yeriməyə başladı.

...Avqustun ortaları olsa da, hava sərin idi. Yazıçıların Şüvəlandakı Yaradıcılıq evinin həyətindəki bağçada çiçəklər deyəsən təzədən açmışdı. Yaxınlıqda dalğaları sakitcə xışıldayan dənizin yalnız sövq-təbii hiss ediləcək nəmişliyi bu bağçadakı çiçəklərin ətrinə qarışmışdı.

O il mən birtəhər yollayış əldə etmişdim. Hələ Yazıçılar Birliyinin üzvü olmadığım üçün həmkarlar təşkilatı boynuma minnət qoymuşdu. Artıq mənim ilk kitabım çapdan çıxmışdı və olsun ki, müraciət etsəydim, İttifaqa üzv də seçilə bilərdim. Amma yazı-pozu ilə məşğul olan tanışlarımın "üzv olmaq üçün" o mötəbər təşkilatın yerləşdiyi binaya illər uzunu "ayaqdöydüsünün" şahidi olduğum üçün çalışırdım ki, yolumu o tərəflərdən az salım və ya heç salmayım. Amma istər-istəməz yazılarımın çapıynan bağlı aradabir İttifaqın, daha doğrusu, oradakı jurnal redaksiyalarının qapısını döyməli olurdum. Redaksiyada çalışan əksər adamların ifadəsiz sifətini görəndən sonra o mötəbər binanın mötəbərliyi də gözümdə tədricən öləziyirdi.

Səksəninci illərin ortasında (birdən yadıma düşdü ki, söhbət ötən əsrdən gedir) dediyim o ilıq avqust günü, günün axşama doğru getdiyi bir vaxtda, yazıçıların Şüvəlandakı Yaradıcılıq evinin həyətindəki bağçasında İshaq müəllim Əzizə xanımla söhbət edir, Vaqif iti addımlarla həyəti o baş-bu başa "ölçür", Arif başına yığışan adamlara Türkiyə ilə bağlı boyat xatirələrini danışırdı. Daim həyətdə olan Namiq müəllim gözə dəymirdi, olsun ki, yaxınlıqdakı ərzaq dükanından "silah-sursat" (burada qələm əhli içkiyə belə deyirdi) almağa getmişdi. Kölgəliyə çəkilmiş, çoxusunun dərisi "qaralmış" "ağ" adamlarsa Ukraynadan gəlmiş Donetsk şaxtaçıları idi ki, onlar da müqaviləyə görə hər il burada yazıçılarla birgə istirahət edirdilər. Bir az kənarda yaşlı bir qadınla şirin-şirin söhbət edən Abbas Zamanovun (həmin qadın onun həyat yoldaşı idi) birdən tələsik addımlarla mənə yaxınlaşıb "bir söz demək" istəməsi, mənə bir az qəribə gəldi və nədənsə İshaq müəllimin arabir qoşa gəzən ahıllara atdığı atmacanı xatırladım: "Abbas müəllim, yenə xanımı salmısan çənənin altına... Gəl bir hovur otur yanımızda, görək bir nə edirik, nə etmirik, nə etməliyik?" Adətən, Abbas Zamanov cavabı ləngitməzdi: "İshaq, niyə demirsən ki, arvad məni salıb çənəsinin altına".

İndi Abbas müəllim ağlıma gələni üzümdən oxuyubmuş kimi, zarafatla dedi:

- Həqiqətən, sənə bir söz demək istəyirəm. İshaqın sözü olmasın, elə ona görə arvadı çənəmin altında çox saxlamadım.

Mən Abbas müəllimin tələbəsi olmamışdım. Amma "Yaradıcılıq evi"ndəki ünsiyyətimiz az qala dostluğa çevrilmişdi. Görünür, mənim Mirzə Cəlil, Mirzə Ələkbər Sabir yaradıcılığına bələdliyim, bağlılığım onun xoşuna gəlmişdi. Xatırımdadır, bir dəfə Mirzə Cəlil haqda ilk kitabın müəllifinin kim olduğunu soruşanda dedim ki, səhv etmirəmsə Mirzə İbrahimovdur. Abbas müəllim gülüb demişdi: "Gör bir mənim yaddaşım necə korşalıb, "Böyük demokrat"ı untmuşam". Deyəsən, o, həmin vaxt dahi yazıçının yaradıcılığının tədqiqi tarixi ilə bağlı nəsə yazırdı.

Hərdən mənə deyirdi ki, sən filosofsan, bilərsən, filan məsələ niyə elə yox, belə oldu? Mən utanardım.

- Yox, Abbas müəllim, mən filosof deyiləm, olsa-olsa bu sahədə adi tədqiqatçıyam.

- Nə fərqi var ki? Bir də ki, filosoflar səndən artıqdır bəyəm? Bilirəm, yazıçılığın da var. Neçə kitabın çıxıb? Hə, demişdin, yadıma düşdü, bir elmi, bir bədii kitabın. Bu, azdır. Bilirəm, indi çap olunmaq da çətindir. Gərək bir az döyüşkən olasan. Amma sən sakit adama oxşayırsan.

Günlərin bir günü isə işlədiyi universitetdə "yuxarıdan gələn" dövlət nümayəndələrinə necə hücum etməyini xatırladı:

- Ermənilər Naxçıvanın qədim Ermənistan ərazisi olması barədə iddia qaldırmışdılar. Daxili-xarici mətbuatda bu barədə hədyanlar yazırdılar. Bizim başda oturanlarımız isə ağızlarına su alıb susurdular. Bir dəfə universitetin geniş bir iclası keçirilirdi, yerimdən qalxıb Sabirin dediyi bu "canlı dəyirmanların" aşının suyunu verdim. Orada başqa vaxtlar yaxalarını cırıb "vətən, millət" deyən şair-yazıçıların da bostanına daş atdım, dedim ki, Səməd Vurğun sağ olsaydı qorxmazdı, ermənilərin cavabını layiqincə verərdi, amma siz hamınız qorxursunuz, susursunuz. Yadımdadır zaldakılar məni ayaq üstə alqışladı.

Abbas müəllim danışdıqca kəkələyir, hətta aradabir nəfəsi təngiyirdi. Bəstə boyu onu uzaqdan uşağa bənzədirdi. Elə uşaq kimi əlini-əlinə vurub ürəkdən gülməyi də vardı.

O, axşamlar həyətə yığışan adamlara, xüsusən gənc qələm sahiblərinə, həyatdan köçmüş və sağ olan görkəmli sənət adamları ilə bağlı xatirələrini də danışırdı. Əziz Şərif, Süleyman Rəhimov, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rzanın həyat və yaradıcılığından ibrətamiz detal və epizodlar hamının marağına səbəb olardı. Onu incidən məsələlərdən biri də böyük tədqiqatşı Qulam Məmmədlinin heç bir elmi ad almaması idi. "Kişinin oğlu əsl alimdir, amma elmi ad vermirlər, nədi-nədi ali təhsili yoxdur. Bəyəm Üzeyir bəyin ali təhsili vardı, amma akademik idi, çünki dahiydi. Qulam da hər cür ada layiq adamdır"- deyə, yana-yana danışardı. Mən indi həmin söhbətləri məmnuniyyətlə və əminliklə professor Abbas Zamanovun "ustad dərsləri" adlandıra bilərəm.

Mənə nəsə sözü olacaq Abbas müəllim sanki o anlarda adamların gözündən uzaq bir yer axtarırdı. Nəhayət, deyəsən belə bir yeri tapdı: Yaradıcılıq evi korpusunun, yəni yeddimərtəbəli sərt görünüşlü binanın arxasında ayaq saxladı. Bura sakit bir yerdi. Dəniz tərəfdən sərin meh əsirdi.

- Sənə bir söz deyəcəm. Amma orda-burda danışma hələlik. Bəlkə də bir vaxt danışmaq, hətta, yazmaq da olar. Mən indi bu əhvalatı yaza bilmərəm. Yazsam da kimdir onu nəşr edən? Nəşr edən tapılsa belə, onu cəzalandırarlar. Bir-iki yaxın adama danışmışam. İndi də sənə danışmaq istəyirəm. Hiss etmişəm ki, etibarlı adamsan, özün də yazıçısan, filosofsan, nə vaxtsa bunları qələmə alarsan. Mənim özümü yox ey, mənim bu danışacağım əhvalatı. Bu, əsl kino, pyes, roman süjetidir. Birdən elə fikirləşərsən ki, bu kişi nədənsə qorxub-çəkinir, ehtiyat edir. Yox. Qətiyyən. Sadəcə, istəmirəm ki, mənə görə kiminsə başı ağrısın.

Abbas müəllim danışdıqca bayaqdan titrəyən səsi indi sərtləşmişdi: sanki odda bərkimiş dəmir parçaları bir-birinə dəyib cingildəyirdi.

- Firuz, oğlum, gizlətmirəm, həmişə Cavidin pərəstişkarı olmuşam. Onun həyatı, yaradıcılığı daim mənə örnək olub. Bu hökumət onu tutdu, zindana atdı, sürgünə göndərdi. Onun tərcümeyi-halı az qala hamıya məlumdur. Amma mən indi sənə Hüseyn Cavidin nə həyatı, nə də fəaliyyəti haqda danışmaq istəyirəm. Sözümün canı var. Bir yerə tələsmirsən ki?

- Yox, Abbas müəllim, heç bir işim yoxdur.

- Hə, bu başqa məsələ. Dedim birdən sənin də bizim o bəzi şairlər kimi burada dincələn xaxol qızları ilə görüşün-zad olar.

Hər ikimiz güldük.

Biz asta addımlarla Yaradıcılıq evinin qənşərinə sarı yeriməyə başladıq.

- Bir dəfə tanışlarımdan biri mənə dedi ki, sən Cavidi sevirsən, bilirsənmi ki, onu həbs edəndə döyüblər? Mən buna inanmadım. Hətta, mənə çatan məlumata görə guya vaxtilə Bağırov onun güllələnməsinin, ailəsinin isə sürgünə göndərilməsinin qarşısını alıbmış. Bu söhbət ortaya çıxanda Cavidə təzəcə bəraət verilmişdi. Aradan bir müddət keçdi. Amma tanışımın dedikləri məni bir an da rahat buraxmırdı. Bu dəfə mən özüm onun yanına getdim. Tanışım yaxasını kənara çəkmək istədi, amma mən ondan əl çəkmədim. Sən demə, Cavidi sürgünə göndərərkən həqiqətən ona əl qaldırıblarmış. Axı cəzalandırılan adamın boynuna ağır-yüngül, nəsə bir cinayət qoyasan gərək. Nə isə... Tanışım mənə Cavid döyüləndə orada bunu öz gözü ilə görən bir adamın, keçmiş "keqebeşnikin" adını dedi. Mən həmin adamı tanıyırdım, ziyalı bir kişiydi. Bir də ki, artıq o dövrdə cəmiyyətdə bir "yumşalma" hiss olunurdu, arxivlər açılırdı, Stalinin adıyla bağlı cinayətlər üzə çıxarılırdı. Tanışımın nişan verdiyi "keqebeşniki" tapmaq elə də çətin olmadı. Dediyim kimi, mən onu tanıyırdım. O da mənim yazı-pozu adamı olduğumu bilirdi. Mən onunla bir neçə dəfə görüşdüm, ordan-burdan söhbət elədik. Qəfil sual verib hürkütmək istəmirdim. İş elə gətirdi ki, həmin adamın özü Caviddən, onun həbsindən, sürgünə göndərilməsindən, bir nəfərin ona əl qaldırmasından söhbət açdı. Mən söhbət əsnasında həmin adamın indi sağ olub-olmadığı ilə maraqlandım.

Abbas müəllim qəhərləndi. Mən onun gözlərinin dərinliyindən boy verib baxan qəmi bütün rəngləri ilə gördüm. Onun çiyinləri titrəyirdi. Abbas müəllim üstünü ləkələr örtmüş zəif, titrək əlləri ilə gözünün yaşını silib bir xeyli susdu.

İndi mən onun qoluna girdim.

Bir xeyli səssiz gəzişdik.

Mən heç bir söz demir, heç nə soruşmurdum. Sövq-təbii hiss edirdim ki, Abbas müəllim hadisənin arxasını danışacaq.

O, handan-hana toxtayıb özünü ələ aldı.

- Həmin adam mənə dedi ki, bəli, Cavidə əl qaldıran kəs sağdır. Qeyri-ixtiyarı həmin adamın ad-familiyasını da dedı. O, bilsəydi ki, bu işin sonu necə bir həngamə ilə qurtaracaq, yəqin ki, heç ad çəkməzdi.

Bu əsnada mən də özümü saxlaya bilməyib qeyri-ixtiyari soruşdum:

- Abbas müəllim, o adamın ad-familiyasını indi xatırlayırsızmı?

Abbas müəllim astadan, xırda-xırda, qırıq-qırıq, kəsik-kəsik güldü. İndi onun üz-gözündə saf bir uşaq təbəssümü oynayırdı.

- Deyəsən, sən də məndən sirr almaq istəyirsən. Deyərəm. Tələsmə. Sən əhvalatın dalına qulaq as.

Dənizdən gələn sərin mehin, nəmişliyin ətri bu anlarda sanki onun əsəblərinə "əl gəzdirmişdi", çünki Abbas müəllim indi sakit bir tonla danışırdı.

- Həmin adamın evini tapmaq elə də çətin olmadı. İndi məqamı gəlib, qoy sənə o adamın adını deyim biləsən. DTK-da işləyən adamı deyirəm. Firudin idi onun adı. Əslən cənub rayonlarından birindəndı. (Mən burada həmin bölgənin adını bilərəkdən yazmıram-F.M.) O vaxt mənim nisbətən cavan vaxtım idi. Özüm də ciyərli idim, qorxaq deyildim. Birbaşa Firudinin evinə getdim. Firuz, sən indi bir dünyanın işinə bax, repressiya zamanında adətən alimin qapısını çekistlər döyüb, indi çekistin qapısını alim döyürdü. Qapının zənginə o, özü gəldi. Bu, saclarına dən düşmüş, sakit görünüşlü, hətta, deyərdim ki, zahirən ədəbli bir adam idi. Sənin yadında yaxşı qalsın deyə, onun simasının bir yaddaqalan detalını da deyim: gözünün birinin ağı qarasına qarışmışdı, daha doğrusu, bəbəyi dümağ idi. Tanış olduq. Firudin məni evə dəvət etdi. Deyəsən, mənzildə tək idi. Hər halda, mən oranı tərk edənəcən üzə çıxan başqa kəs olmadı. Mən içəri keçib gəlişimin məqsədini dolayısı ilə izah etdim. Böyük bir mizin arxasında üz-üzə əyləşdik. Əlbəttə, əvvəlcə Cavidin döyülməsindən yox, onun yaradıcılığından, həyatından, sürgünə göndərilməsindən söhbət açdım. Dedim ki, yeni kitab üzərində işləyirəm, eşidib-bildiyimə görə siz Cavidi dindirən müstəntiqlərdən biri olmusunuz. Onu son dəfə görən insanlardan birisiz...

Abbas müəllim dərindən köks ötürüb udqundu, qısa pauzadan sonra söhbətini davam etdirdi:

- Əvvəlcə nala-mıxa vuran adam sonra mənim suallarıma qısa cümlələrlə cavab verməyə başladı. O, bütün baş verənləri o dövrun, o mühitin, Stalinlə Bağırovun boynuna qoymağa çalışırdı. Mən arada özümü saxlaya bilmədim, onun sözünü kəsib soruşdum ki, bəs siz necə, özünüzü bu işdə günahkar bilirsizmi? O, bəbəyinə ağ gəlmiş gözünü qıyaraq çekist təmkini ilə mənim sualıma qısaca cavab verdi: "Yox". O, dəqiq cavablardan yayınırdı. Mən əsəbləri tarıma çəkilmiş bir vəziyyətdə sonuncu sualı verdim: "Eşitdiyimə görə, Cavid əfəndini istintaqa cəlb edən müstəntiqlərdən biri ona əl qaldırıb. Həmin adamın kimliyini deyə bilməzsiz ki?" Elə bil kişini tok vurdu, onun salamat olan gözü səyriməyə başladı. Deyəsən, düz lazım olan nöqtəyə düşmüşdüm. Köhnə çekist özünü ələ alıb sakit tonda soruşdu: "Bununla nə demək istəyirsiz?" Mən ayağa durdum. Deyəsən, qırımımı duyub o da dikəldi. Bu, boy-buxunlu bir adam idi. Əlim onun çiyninə zorla çatardı. Ona görə də cəld yuxarı hoppanıb çekisin sifətinə bir şapalaq ilişdirdim. Sanki ovcumun içinə od basdılar. Kişi bunu gözləmirdi. O, səntirlədi, amma yıxılmadı. "Bu, vaxtilə sənin Cavidə vurduğun şillədir, indi qayıdıb öz üzünə dəydi", - deyib, tez qapıya yönəldim. Qapı açıq idi. Özümü bayıra atdım. Doğrusu, uzun müddət səksəkədə qaldım. Fikirləşirdim ki, gəlib məni Cavidin getdiyi son mənzilə göndərəcəklər. Amma daşdan səs çıxdı, o Firudin deyilən adamdan səs çıxmadı. O, bəlkə indi də sağdır və hələ də susur. Bilirsən də, susmaq - faktla razılaşmaq əlamətidir. Mən Cavid əfəndinin qisasını çekistdən bax bu cür aldım.

Abbas müəllim susub fikrə getdi.

İndi yalnız dənizin səsi eşidilirdi.

Günəş qüruba enməkdə idi.

Mən o anlarda belə bir qənaətə gəldim ki, yəqin bu dünyada heç nə elə-belə, izsiz-tozsuz ötüb keçmir. Hər şey zamanında öz dəqiq qiymətini alır. Abbas Zamanovun illər sonrası çekistin qulağının dibinə vurduğu şillə də əslində onun "ustad dərslərindən" biri idi.

0
Olaylar.az