Zibilliyə çevrilən tarixi hamam - FOTO

ÖLKƏ
11:33 / 10.07.2020
1700

Bakının Maştağa qəsəbəsindəki tarixi hamam baxımsız vəziyyətdə qalaraq zibilxanaya çevrilib.

HİT.Az xəbər verir ki, bununla bağlı məlumatı jurnalist Bəxtiyar Hacıyev yayıb. XVII-XVIII əsrlərə aid “Qum hamamı”nın məhvolma təhlükəsi ilə üz-üzə qalması  sosial şəbəkələrdə tənqid edilib. Görüntülərdən məlum olur ki, məkan zibilxanaya çevrilib və böyük bir hissəsi torpağın altında qalıb. 

“Qafqazinfo” məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edib. Qurumun mətbuat xidməti tarixi abidə ərazisinin dəfələrlə təmizləndiyini, lakin sakinlərin yenidən ora zibil atdıqlarını bildirib:

“Bu barədə geniş açıqlama veriləcək. Lakin onu deyə bilərik ki, dəfələrlə tarixi abidə ərazisi təmizlənib. Lakin həmin ərazidə yaşayan sakinlər yenə zibil atırlar. Ötən yayda da İcra Hakimiyyəti tərəfindən təmizləndi, lakin yenə zibil atılır. Bunu vətəndaşların özləri edir. Bundan əlavə, tarixi abidənin bərpa olunması da nəzərdə tutulub, siyahıya alınıb”. 

Məlumat üçün bildirək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov DTX-nin əməliyyatı zamanı saxlanılıb. Onun barəsində 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə)  maddələr üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

1