Nazarovun millimizdən imtina etmə səbəbi məlum oldu

İDMAN
01:02 / 30.08.2020
1123

Dmitri Nazarovun Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə keçirəcəyi oyunlardan imtina səbəbi müəyyənləşib.

30 yaşlı yarımmüdafiəçi koronavirus infeksiyasının yayılma qorxusundan bu addımı atdığını bildirsə də, əslində heç də belə deyil.

Bundesliqa II təmsilçisi "Aue"nin oyunçusu Almaniya mətbuatına növbəti açıqlamasında ölkə kuboku matçına kökləndiklərini və mərhələ adlamaq istəyində olduqlarını söyləyib. "Aue" sentyabrın 12-də 1/32 finalda "Ulm"un qonağı olacaq. Futbolçu Azərbaycan millisinə qatılsaydı, "Aue"nin kubok matçını buraxmalı olacaqdı. Çünki millidən döndükdən sonra Almaniyada bir neçə gün karantinə cəlb olunacaqdı ki, bu da kubok oyununu buraxması ilə nəticələnəcəkdi.

Nazarovun bütün diqqətini Almaniya kubokuna yönəltdiyini açıqlaması onun yalnız həmin görüşə kökləndiyini və bu səbəbdən Azərbaycana gəlməkdən imtina etdiyini göstərir. Halbuki yığmamızla qarşılaşacaq Lüksemburq millisinə Bakıdakı qarşılaşma üçün 17 legioner futbolçu dəvət olunub ki, onlardan 6-sı Almaniyada çıxış edir. Maraqlıdır ki, Bakıya gələcək həmin oyunçulardan 5-nin klubu sentyabrın 12-də Almaniya kuboku oyununa çıxacaq.

Qeyd edək ki, C liqasının 1-ci qrupunda qərarlaşan Azərbaycan millisi sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edəcək. Yığmamız 3 gün sonra Nikosiyada Kiprin qonağı olacaq. Nazarovla yanaşı, Eddi İsrafilovun da eyni səbəbdən qarşıdakı matçları buraxacağı açıqlanıb.(apasport.az)

1