Azərbaycan milli komandasının Litva ilə 1-1 bərabərə qalması geniş müzakirələrə səbəb olub.
Çünki yığmamızdan bu matçda qələbə gözlənilirdi. Lakin oynanılan oyun və taktiki gedişlər məşqçinin matça 3 xal üçün çıxdığını göstərmirdi. Hətta bir çox ekspert Ayxan Abbasovu müdafiə futbolu oynatdığına görə tənqid edir.
“Difai” Futbol Klubunun icraçı vitse-prezidenti Əbülfəz Hüseynli də Litva - Azərbaycan matçı ilə bağlı Hit.az-a açıqlama verib.
O bildirib ki, əslində, millimiz əslində oyuna pis başlamamışdı, amma bir az təcrübə azlığı öz sözünü dedi:
“Komandanın gənc olması, həm də xətlərarası əlaqədə çox böyük problemlərin görünməsinə səbəb oldu. Orta xətdə ustalıq səviyyəmiz çatmırdı. Göz qabağında idi ki, orta xətdə oyunu üzərinə götürmək baxımından Emin Mahmudovun yeri orada görünürdü. Həmçinin, kənardan oyuna daxil olan futbolçular o gücü verə bilmədilər. Tural Bayramlı özünün pik formasından uzaqdır və oyunda heç nə ilə yadda qalmadı. Musa Qurbanlı ikinci hissədə azdan-çoxdan nəsə etmək istədi, amma o da çox alınmadı”.
Onun sözlərinə görə, millinin xətlərarası əlaqəsində böyük problemlər var:
“Baş məşqçi Ayxan Abbasovun taktiki gedişləri müdafiə futboluna hesablanmışdı. O da başa düşüləndir, çünki rəqib komandanın meydanında oynayırıq. Görünürdü ki, oyuna bir xal üçün çıxmışıq. Lakin zənnimcə, bir az ürəkli futbol oynamalıyıq. Əgər gələcəkdə nəsə gözləyiriksə, daha ürəkli futbol oynamalı və orta xətdə ustalıq səviyyəsi daha yüksək olan futbolçulara şans verməliyik.
Bu gün kənardan oyuna daxil olan Rüfət Abdullazadə və Tural Bayramlının oyunu heç yaxşı tərəfdən alınmadı, hətta meydanda görünmədilər. Bir az Musa Qurbanlı 65-70-ci dəqiqələrdən sonra tempi qaldırmağa başladı və həmin vaxt hücumlarımız artdı, amma sonluğu gətirə bilmədik”.
Elmir



