Rusiya Prezidenti Vladimir Putin ölkəsindən nağd pul çıxarılması ilə bağlı yeni qərar imzalayıb.
Qərara əsasən, fiziki şəxslər Azərbaycana və bir sıra digər ölkələrə 1 milyon rubldan artıq nağd rubl çıxara bilməyəcəklər. Bəs Rusiyada yaşayan və çalışan azərbaycanlılar üçün bu yeni qayda nə deməkdir və soydaşlarımızın pul göndərməsinə, Azərbaycana vəsait gətirməsinə necə təsir göstərəcək?
Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycandan xaricə miqrasiya son illərdə cəmiyyətin diqqət çəkən məsələlərindən birinə çevrilib:
“Ölkəni tərk edənlər arasında xüsusilə gənclərin çoxluq təşkil etməsi isə prosesin yalnız əmək bazarı ilə məhdudlaşmadığını, onun demoqrafik nəticələrinin də olduğunu göstərir. Avropaya üz tutan azərbaycanlıların, xüsusilə də Almaniyaya köçən mütəxəssislərin sayı ilə bağlı rəqəmlər də bu tendensiyanın miqyasını ortaya qoyur. Məlumatlara görə, son illərdə 2 mindən çox azərbaycanlı həkim Almaniyaya gedib.

Məsələyə yalnız ölkədən gedən insanların sayı prizmasından yanaşmaq düzgün deyil. Miqrasiya edənlərin böyük hissəsinin gənc və əmək qabiliyyətli şəxslər olması onların gələcəkdə ailə qurması və övlad sahibi olması ilə bağlı demoqrafik göstəricilərə də təsir edə bilər. Bu baxımdan xaricə miqrasiyanın artması əhalinin yaş strukturu və təbii artım məsələsini də gündəmə gətirir”.
Ekspert onu da qeyd edib ki, xaricdə çalışan azərbaycanlıların ölkədə qalan ailə üzvlərinə mütəmadi olaraq pul göndərməsi də ayrıca müzakirə mövzusudur:
“Bu, bəzi ailələrin öz ölkəsində kifayət qədər gəlir imkanına malik olmadığını göstərir. Miqrasiyanın qarşısının alınması yalnız insanların xaricə getməsinə mane olmaqla mümkün deyil. Bunun üçün ölkə daxilində insanların daha yaxşı gəlir əldə edə bilməsi, öz biznesini qurması və iqtisadi imkanlarını genişləndirməsi üçün əlverişli şərait yaradılmalıdır. İstənilən halda bu qərar azərbaycanlılara mənfi təsir edəcək”.
Sevinc


