Bir vaxtlar münasibətdə xəyanət sözü belə ağır emosional reaksiya doğururdu.
İndi isə sosial şəbəkələrdə və gündəlik söhbətlərdə “hamı edir”, “bu, həyatdır”, “bir dəfə olubsa, nə fərqi var?” kimi ifadələrə daha tez-tez rast gəlmək mümkündür.
Bəs həqiqətən münasibətlərə baxış dəyişib, yoxsa biz sadəcə xəyanət haqqında daha çox danışılan bir dövrdə yaşayırıq? Kişinin qadına xəyanət etməsi bəzi ailələrdə münasibətin bitməsi ilə nəticələnmir. Əksinə, qadın bunu bilə-bilə susur, kişi isə ailəsini dağıtmamaq üçün yaşananları görməzdən gəlir. Bəs insanı xəyanəti qəbul etməyə vadar edən nədir?
Bəzən cavab sevgidir. İnsan sevdiyi şəxsi itirmək istəmir və yaşadığı xəyanəti münasibətin bütününü itirməmək üçün bağışlamağa çalışır. Bəzən isə ortada uşaqlar dayanır. Qadın övladının atasız böyüməsini, ailənin dağılmasını və uşağın bundan psixoloji təsirlənməsini istəmir. Kişi də eyni şəkildə ailəsinin dağılmasını və övladının anasız böyüməsini istəmədiyi üçün xəyanətə göz yuma bilər.
Maddi vəziyyət, cəmiyyətin münasibəti, illərlə qurulmuş ailə həyatı və “uşaqlar üçün dözmək lazımdır” düşüncəsi də insanın qərarına təsir edə bilər. Belə vəziyyətlərdə xəyanətin qəbul edilməsi onun mütləq “adi” və ya əhəmiyyətsiz olması demək deyil. Bəzən insan sadəcə qarşısında duran itkiləri hesablayaraq münasibəti davam etdirməyi seçir. Əslində isə xəyanətdən sonra ən çətin məsələ qərarın özü deyil, həmin qərarla yaşamaqdır. Çünki münasibəti davam etdirmək mümkündür, amma itirilmiş güvənin yenidən bərpa olunması ayrıca bir prosesdir.
Sevinc


