Niyə dini kəbin vacib sayılır?

SOSİAL
14:47 / 30.09.2026
157

“Dini kəbin” anlayışı cəmiyyətdə uzun illərdir müzakirə olunan məsələlərdəndir. 

Bəzi insanlar rəsmi nikahla yanaşı dini kəbinin də mütləq vacib olduğunu düşünür, bəziləri isə bunun zəruri olmadığını bildirir. Bəs dini kəbin həqiqətən vacibdirmi və nikahın əsas mahiyyəti nədən ibarətdir?

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, kəbinin “dini” və “dünyəvi” olaraq iki yerə bölünməsi düzgün yanaşma deyil: 

“Kəbin mahiyyət etibarilə qadınla kişinin ər-arvad elan olunmasıdır. Sadəcə bu elan və təsdiqin müxtəlif formalarda həyata keçirilməsi mümkündür. İnanc sahibi olan insanlar kəbinin din xadimi tərəfindən təsdiqlənməsini məqbul hesab edə bilərlər. Dünyəvi düşüncəyə üstünlük verən şəxslər isə bunun dövlət məmuru tərəfindən rəsmiləşdirilməsini vacib sayırlar. 

Bəzi cəmiyyətlərdə isə ər-arvad elan olunması yaxın qohumların, ağsaqqalların və ya el-oba nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Tarixdə elə dövrlər də olub ki, nə din xadiminə, nə də rəsmi dövlət nümayəndəsinə müraciət etmək mümkün olub. Xüsusilə müharibə şəraitində insanların bir araya gələrək qadınla kişini ər-arvad elan etdiyi hallar yaşanıb və bu da kəbin kimi qəbul olunub”.

Mütəxəssis hesab edir ki, kəbini “dini” və “dünyəvi” olaraq ayırmaq müəyyən mənada cəmiyyətdə süni fərqlilik yaradır: 

“Kəbinin əsas mahiyyəti qadınla kişinin müəyyən meyarlara uyğun olaraq ər-arvad elan edilməsi və bu münasibətin müəyyən vasitə ilə təsdiqlənməsidir. Buna görə də kəbinin mahiyyətini onun hansı şəxs tərəfindən elan və ya təsdiq etməsindən asılı olaraq fərqli kateqoriyalara bölmək doğru deyil. Din xadimləri tərəfindən keçirilən kəbin mərasimlərinin hamısının avtomatik olaraq dini baxımdan düzgün hesab edilməsi də doğru olmaz. Çünki belə mərasimlərdə də müəyyən nöqsanlar ola və nəticədə həmin kəbin dini baxımdan qəbul edilməyə bilər.

Dövlət tərəfindən rəsmiləşdirilən nikahın isə hüquqi baxımdan rəsmi təsdiq olunub və bunun başqa bir alternativi yoxdur. Bəzi insanlar din xadimi tərəfindən kəbin kəsilmədiyi halda şəxsin kəbinsiz və ya nikahsız sayılacağını, yaxud qadınla kişi arasında halal-haram münasibətinin yaranmayacağını düşünürlər. Bu da düzgün yanaşma deyil”.

411221

Onun sözlərinə görə, bu cür təsəvvürlərin formalaşmasında tarixən bəzi ruhanilərin təsiri də olub: 

“Müəyyən din xadimləri insanların kəbin məsələsində onlara ehtiyac duymasını təmin etməyə və bunun qarşılığında maddi gəlir əldə etməyə çalışıblar. Din xadiminin qadınla kişini ər-arvad elan etməsi ilə dövlət məmurunun nikahı rəsmiləşdirməsi arasında mahiyyət baxımından əsas fərq yoxdur. 

Din xadimi mərasim zamanı əlavə dualar oxuya bilər. Lakin həmin duaların ərəb dilində olması və mərasim iştirakçılarının onları başa düşməməsi onların kəbinin mahiyyətini müəyyən edən əsas amil olduğunu göstərmir. Bu sözləri başqa bir şəxs də deyə bilər. Əsas məsələ qadınla kişinin ər-arvad elan edilməsidir”.

İlahiyyatçı məsələyə münasibətdə cəmiyyətdə formalaşmış dini təsəvvürlərə də diqqət çəkib:

“Əsrlər ərzində İslam dini ilə bağlı müxtəlif xurafat və mövhumatlar da yayılıb. Bu səbəbdən dini dəyərlərin mahiyyətini olduğu kimi izah etmək bəzən insanlar üçün qeyri-adi və təəccüblü görünür. Həqiqi dini dəyərləri və İslamın mahiyyətini izah etmək vacibdir. Cəmiyyətdə müəyyən ənənələrin uzun müddət formalaşması səbəbindən dini anlayışları həmin təsəvvürlərə uyğunlaşdırmaq və ya dini mahiyyətini dəyişdirmək düzgün deyil. 

Kəbin üçün müəyyən şərtlərin mövcudluğu da vacibdir. Burada tərəflərin yaşının uyğun olması, yaxın qohum olmaması və digər müəyyən meyarların nəzərə alınması tələb olunur. Bu şərtlərə uyğunluq olduqdan sonra qadınla kişi ər-arvad elan edilir və nikah dövlət qurumu tərəfindən rəsmiləşdirilir. 

Dini kəbin və dünyəvi kəbin deyə iki ayrı anlayışın olması düzgün deyil. Dövlət qurumu tərəfindən təsdiqlənmiş nikah da kəbin, yəni nikah sayılır. Əgər insanın ürəyində bununla bağlı hər hansı narahatlıq varsa, dövlət nikahından sonra din xadiminə müraciət edib əlavə mərasim keçirə bilər. Bu, şəxsin öz seçimidir. Hətta tərəflərdən biri başqa dinə mənsubdursa, öz dini ənənəsinə uyğun olaraq əlavə mərasim keçirilməsi də mümkündür”.

Sevinc

0