Məktəblərin dövlət büdcəsindən vəsait alması qaydasında yeni mərhələ başlayır. 2026-2027-ci tədris ilindən etibarən dövlət ümumi təhsil müəssisələrində maliyyələşmənin şagird sayı nəzərə alınmaqla aparılması planlaşdırılır.
Bu dəyişiklik Prezident İlham Əliyevin imzaladığı fərmanla rəsmiləşdirilib.
Təhsil müəssisəsinə ayrılan büdcə vəsaitinin müəyyənləşdirilməsində yalnız məktəbin mövcudluğu deyil, onun şagird kontingenti və digər xüsusiyyətləri də əsas meyarlardan birinə çevriləcək. Yeni yanaşmanın məktəblərin maliyyə imkanlarından daha sərbəst istifadə etməsinə, vəsaitlərin ehtiyaca uyğun planlaşdırılmasına və idarəetmə prosesində məsuliyyətin artmasına şərait yaradacağı gözlənilir.
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, adambaşına maliyyələşmə prinsipinə keçid təhsil müəssisələrində dövlət vəsaitlərinin daha məqsədyönlü bölüşdürülməsinə imkan verə bilər:

“Yeni mexanizmdə maliyyələşmənin əsas meyarlarından biri şagird sayı olacaq. Bu yanaşmanın xüsusilə azsaylı şagirdlərin təhsil aldığı məktəblərdə xərclərin optimallaşdırılmasına şərait yaradacaq. Bəzi bölgələrdə siniflərdə cəmi bir neçə şagirdin olması həmin məktəblərin maliyyələşdirilməsində müəyyən çətinliklər yaradır. Eyni zamanda, az dərs saatı olan fənlər üzrə müəllim çatışmazlığı da müşahidə olunur”.
Ekspert hesab edir ki, yeni maliyyələşmə modeli məktəblər arasında vəsaitlərin bölüşdürülməsini daha çevik təşkil etməklə yanaşı, tədrisin keyfiyyətinə də müsbət təsir göstərə bilər.
Sevinc

