Rusiya-Ukrayna müharibəsinin nə vaxt başa çatacağı ilə bağlı suallar gündəmdə qalmaqda davam edir.
Mövcud vəziyyət fonunda müharibənin bu il başa çatıb-başa çatmayacağı, yoxsa 2028-ci ilə qədər uzana biləcəyi müzakirə olunur. Bir çoxları ABŞ-nin vasitəçiliyi ilə müharibənin cari ildə dayanadırıla biləcəyini düşünür, başqaları isə bu savaşın gələn ilə də keçəcəyini proqnozlaşdırırlar.
Siyasi şərhçi Mətin Məmmədli Hit.az-a açıqlamasında deyib ki, müharibənin yaxın perspektivdə başa çatma ehtimalı xeyli aşağıdır:

“Bunun əsas səbəbi Rusiya və Ukraynanın müharibənin nəticələri və mümkün sülhün şərtləri ilə bağlı mövqelərinin bir-birindən ciddi şəkildə fərqlənməsidir. Tərəflərin danışıqlar prosesində tutduğu mövqelərdə və səsləndirdikləri ritorikada bu fikir ayrılığı aydın görünür”.
Onun sözlərinə görə, cəbhədəki vəziyyət də tərəflərdən hər hansı birinin mütləq üstünlüyə malik olduğunu göstərmir:
“Hazırda əsasən mövqe döyüşləri gedir və tərəflərdən heç birinin strateji üstünlüyü müşahidə olunmur. Belə bir vəziyyətdə müharibənin yaxın zamanlarda başa çatacağını gözləmirəm. Hətta müharibənin məhdudlaşdırılması, o cümlədən hər iki tərəfin enerji infrastrukturuna zərbələri dayandırması ilə bağlı təşəbbüslərə də tərəflərin, xüsusilə Rusiyanın müsbət yanaşmadığı görünür”.
Ekspert hesab edir ki, mövcud reallıqlar fonunda müharibənin yaxın zamanda başa çatması ehtimalı aşağı olaraq qalır:
“Müharibənin daha uzun müddət davam etməsi, hətta 2028-ci ilə qədər uzanması ehtimalı da istisna edilə bilməz. Təbii ki, söhbət müharibədən getdiyi üçün hadisələrin gedişində ciddi dəyişikliklər baş verə bilər. Əgər vəziyyət dəyişərsə, o zaman müharibənin başa çatması ehtimalının yüksəldiyini söyləmək mümkün olacaq. Lakin hazırkı şərait və mövcud reallıqlar nəzərə alındıqda, müharibənin dayanması ehtimalı hələlik xeyli aşağıdır”.
Sevinc


