Azərbaycanda ədviyyat bazarı niyə idxaldan asılıdır?

ÖLKƏ
15:42 / 29.09.2026
136

Rusiyadan Azərbaycana müxtəlif dadlandırıcıların, ədviyyatların və hazır ədviyyat qarışıqlarının gətirilməsi diqqətçəkən idxal istiqamətlərindən biridir. 

Bu məhsulların alınmasına milyonlarla dollar vəsaitin xərclənməsi isə bazarın xarici tədarükçülərdən nə dərəcədə asılı olduğunu ortaya qoyur. Sözügedən məhsulların müəyyən hissəsinin Azərbaycanda istehsal olunması üçün imkanların mövcudluğu sual doğurur  niyə daxili tələbatın daha böyük hissəsi yerli məhsullar hesabına qarşılanmır?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanda dadlandırıcılar, ədviyyatlar və hazır ədviyyat qarışıqlarının müəyyən hissəsini yerli istehsal hesabına qarşılamaq üçün imkanlar var: 

411146

“Lakin daxili tələbatın idxaldan asılı qalmasının bir neçə səbəbi mövcuddur. Əsas amillərdən biri xammal bazasının tam formalaşmaması və bəzi məhsullar üzrə yerli istehsalın məhdud olmasıdır. Bundan əlavə, hazır ədviyyat qarışıqlarının istehsalı sadəcə xammalın emalı deyil, reseptura, qablaşdırma, standartlaşdırma və sabit keyfiyyətin təmin edilməsini də tələb edir.

Digər tərəfdən, xarici məhsulların iri həcmdə və nisbətən aşağı qiymətlərlə bazara daxil olması yerli istehsalçıların rəqabət imkanlarını məhdudlaşdıra bilər. Böyük idxalçılar artıq formalaşmış logistika və satış şəbəkəsinə malik olduqları üçün məhsulu daha əlverişli şərtlərlə təqdim edə bilirlər”.

Ekspert qeyd edib ki, burada həm də investisiya məsələsi var:

“Ədviyyatların emalı, qarışdırılması, sterilizasiyası və qablaşdırılması üçün müasir avadanlıq tələb olunur. Yerli müəssisələrin bu sahəyə investisiya yatırması üçün isə bazarın həcmi, satış imkanları və gəlirlilik kifayət qədər cəlbedici olmalıdır. Dövlət yerli xammal istehsalını artırsa, emal müəssisələrinə güzəştli maliyyələşmə və investisiya təşviqləri versə, həmçinin yerli məhsulların keyfiyyət standartlarına uyğunlaşdırılmasına dəstək göstərsə, idxalı əvəzləmək imkanları genişlənə bilər. Bu, təkcə valyutanın ölkədən çıxmasının azalmasına deyil, kənd təsərrüfatı məhsullarının emalının və əlavə dəyər yaradan yerli istehsalın genişlənməsinə də şərait yaradar”.

Sevinc

0