“Türk Söhbəti”nin buhəftəki qonağı Güney azərbaycanlı politoloq Həmid Şəhanəgidir.
O, xüsusilə Türkiyə və Azərbaycanla mövzularda ixtisaslaşıb. Biz də son günlər Türkiyədə ölkəmiz əleyhinə aparılan qarayaxma kampaniyasının səbəbləri barədə onunla danışdıq...
- Həmid bəy, son zamanlar Türkiyədə nə üçün bəzi şəxslər Azərbaycan əleyhinə paylaşımlar edilər?

- Türkiyədə son dövrdə ortaya çıxan Azərbaycan əleyhinə məzmun və kampaniyalar yalnız hansısa fərdlərin emosional reaksiyaları kimi qiymətləndirilməməlidir. Bunların eyni zamanda strateji və siyasi hesablaşmaların bir təzahürü olduğu da deyilə bilər.
Türkiyədəki bəzi dairələr Azərbaycanın İsraillə əlaqələrinə görə belə addımlar atdıqlarını deyirlər. Əslində isə Azərbaycan əleyhinə paylaşımların məqsədi müxtəlif bəhanələrlə iki ölkə arasındakı qardaşlığa kölgə salmaqdır. Ancaq təbii ki, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini belə paylaşımlar poza bilməz.
- Ölkəmiz əleyhinə atılan bu addımların bir qrup tərəfindən bilərək edildiyi çox aydındır. Elə deyilmi?
- Bəli. Həmin paylaşımların şüurlu və koordinasiyalı bir kampaniyanın tərkib hissəsi olduğu görünür. Bu vəziyyət fərdi fikir ayrılığından daha çox müəyyən bir məqsədə xidmət edən mütəşəkkil bir cəhd kimi qiymətləndirilə bilər. Məsələn, Bursanın millət vəkili Yüksel Selçuk Türkoğlu da Türkiyə Böyük Millət Məclisində (TBMM) etdiyi çıxışda son günlərdə qardaş Azərbaycana qarşı edilən paylaşımları “qara təbliğat” adlandırdı. Fikrimcə, bu ifadə də sözügedən paylaşımların müəyyən bir mütəşəkkil struktura malik olduğuna işarə edir.
Mövzu ilə bağlı təhlillər də bu kampaniyanın süni qütbləşmələr və rəqəmsal dezinformasiya üzərindən irəlilədiyini göstərir. Nəzərə almaq lazımdır ki, bu cür kampaniyalar müəyyən ustalıqla aparıldıqda, həqiqətdən uzaq iddialar vasitəsilə geniş kütlələrə çatır və zamanla kollektiv bir mühakimə formalaşdırmağa çalışır.
Rəqəmsal dezinformasiya dövründə bu cür cəhdlər kifayət qədər sürətlə yayıla bilir və “bir dəli quyuya daş atdı, qırx ağıllı çıxara bilmədi” məsəlində olduğu kimi ictimai rəy formalaşdırmağa xidmət edir. Ona görə də dezinformasiyaya qarşı mübarizə yalnız diplomatik müstəvidə deyil, eyni zamanda informasiya və kommunikasiya sahəsində də davam etdirilməlidir.
- Sizcə də bu insanların hədəfi Azərbaycan - Türkiyə qardaşlığına, iki ölkə arasındakı möhtəşəm münasibətlərə zərər vurmaqdır?

- Eynən elədir. Bu kampaniyaların əsas hədəfinin iki ölkə arasındakı bənzərsiz dostluğa və strateji ittifaqa zərər vurmaq olduğu aydın görünür. Lakin bu cəhdlərin son məqsədlərinə çatması mümkün deyil. Bu kampaniyaların məqsədi iki ölkə arasında soyuqluq yaratmaq və mövcud imtiyazlı münasibətlərə zərər vurmaqdır. Bu səbəbdən sözügedən cəhd iki ölkə arasındakı qardaşlığa vurulan bir zərbə kimi qiymətləndirilə bilər.
Bununla belə, həm Türkiyənin, həm də Azərbaycanın rəsmi mövqeyi bu cür cəhdlərin iki ölkə arasındakı münasibətlərin mahiyyətini dəyişdirə bilməyəcəyini göstərir. Ankara ilə Bakı arasındakı münasibətlərin strateji xarakterini qoruduğu rəsmi açıqlamalardan aydın görünür. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın telefon danışığı və Türkiyənin Azərbaycanın Anım Günü münasibətilə etdiyi bəyanatlar bu iradənin bariz göstəriciləri kimi qiymətləndirilməlidir.
- Azərbaycan və Türkiyə arasında xüsusilə media və sosial şəbələkərlə bağlı başqa hansı birgə addımların atılmasını təklif edərdiniz?
- İki ölkənin media və sosial şəbəkə sahəsindəki birgə addımları mövcud əməkdaşlığı daha da dərinləşdirə və dezinformasiyaya qarşı ortaq bir mühafizə mexanizmi formalaşdıra bilər. Bu günə qədər atılan praktiki addımlar da bu istiqamətdədir. Türkiyə və Azərbaycan 10 dekabr 2020-ci il tarixində imzalanmış anlaşma memorandumu ilə “Türkiyə-Azərbaycan Birgə Media Platforması”nı təsis edib. Platformanın məqsədi iki ölkə mediası arasında inteqrasiyanı gücləndirmək, ictimaiyyəti doğru məlumatlandırmaq və dezinformasiya ilə birgə mübarizə aparmaqdır.

Bu əməkdaşlıq 2026-cı ilin mart ayında daha görünən müstəviyə keçib. STRATCOM 2026 Zirvəsi çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi ilə Azərbaycan Media İnkişafı Agentliyi arasında anlaşma memorandumu imzalanıb. Bu memorandum çərçivəsində rəqəmsal və sosial media, audio-vizual media, strateji kommunikasiya və böhran idarəçiliyi sahələrində birgə işçi komissiyaları və daimi komitələrin yaradılması qərara alınıb.
Mən sosial mediada yayılan saxta xəbərləri və dezinformasiya kampaniyalarını operativ şəkildə müəyyən edəcək və bunlara vahid kommunikasiya dili ilə cavab verəcək birgə Dezinformasiya İzləmə Mərkəzinin yaradılmasını təklif edirəm. Bununla yanaşı, iki ölkənin gənclərini və alimlərini bir araya gətirən, birgə layihələr reallaşdırmalarını təmin edən proqramların artırılması da mühümdür. Bu cür fəaliyyətlər uzunmüddətli perspektivdə qarşılıqlı anlama və etimadı möhkəmləndirəcək.
Həmçinin, süni intellekt və alqoritmlər sahəsindəki əməkdaşlıqda da vacib addımlar atılmalıdır. Sosial media alqoritmlərinin iki ölkəyə qarşı istehsal olunan manipulyativ və dezinformasiya yönümlü məzmunları gərəksiz dərəcədə ön plana çıxarmasının qarşısını almağa yönəlmiş birgə texniki işlər aparıla bilər.
- Azərbaycan - Türkiyə siyasətdə və bütün sahələrdə tək yumruq kimi hərəkət edir. Dünyada bir-birinə bu qədər bağlı heç bir ölkə yoxdur. Bu, hər kəsə nümunə olacaq bir qardaşlıqdır...

- Bəli, çox doğrudur. Bu həmrəylik yalnız bəyanat səviyyəsində qalmır, praktiki olaraq da özünü göstərir. Türkiyənin rəsmi bəyanatlarında iki ölkə arasındakı münasibətləri tərif etmək üçün tez-tez “tək ürək, tək bilək, tək yumruq” ifadələri işlədilir. Bu ritorika ortaq iradəyə və əməl birliyinə vurğu edir.
Hərbi və strateji sahədə də keçmiş milli müdafiə naziri Hulusi Akarın ifadə etdiyi kimi, iki ölkə bu gün “tək yumruq, tək ürək və tək ordu” anlayışı ilə modernləşmə işlərini davam etdirir. Bu vəziyyət müdafiə və müdafiə sənayesi sahəsindəki əməkdaşlığın çatdığının yüksək səviyyəsini göstərir.
Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlər beynəlxalq miqyasda diqqətəlayiq bir nümunə xarakteri daşıyır. Bu münasibət yalnız Türkiyə və Azərbaycan baxımından deyil, bütün Türk dünyası və region üçün sabitlik və əməkdaşlıq modeli kimi qiymətləndirilir. “Bir millət, iki dövlət” anlayışı bu qardaşlığın ən bariz ifadəsi kimi qəbul olunur. Əslində Türk Dövlətləri Təşkilatının bünövrəsi də Türkiyə-Azərbaycan ittifaqının ortaya qoyduğu sıx əməkdaşlıq zəminində formalaşıb.
- Azərbaycan - Türkiyə əməkdaşlığının regionun inkişafına da töhfə verməsini necə qiymətləndirirsiniz?
- Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq regional inkişaf və sabitlik baxımından həyati və strateji rola malikdir və adətən bir hərəkətverici qüvvə funksiyasını yerinə yetirir. Enerji, nəqliyyat və ticarət sahələrindəki konkret layihələr vasitəsilə bu əməkdaşlıq regional inkişafa birbaşa töhfə verir. Enerji sahəsində iki ölkə regional enerji təhlükəsizliyinin əsas aktorları mövqeyindədir.
Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələr sayəsində Azərbaycanın neft və təbii qazı Türkiyə üzərindən dünya bazarlarına çatdırılır. Bu ilin ilk səkkiz ayında Azərbaycandan Türkiyəyə 6,2 milyard kubmetr, Avropaya isə 7,5 milyard kubmetr təbii qaz ötürülüb. Nəqliyyat və ticarət sahəsində isə iki ölkə Şərq ilə Qərb arasında enerji və ticarət körpüsü yaradır. Qarşılıqlı investisiyaların ümumi həcmi 40 milyard dollara çatıb. Bu sərmayələr sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarında yeni əməkdaşlıq platformaları formalaşdırır.
Əməkdaşlıq yalnız qalıq yanacaqlarla məhdudlaşmır. Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ötürülməsi və “Yaşıl Enerji Koridoru” layihələri iki ölkənin gələcəyə yönəlmiş strateji tərəfdaşlığını nümayiş etdirir.
Bu layihələr Xəzər regionu və Mərkəzi Asiyadan Avropaya yaşıl enerjinin daşınması yolu ilə Avrasiyanın enerji xəritəsini yenidən formalaşdırmaq potensialına malikdir. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda regional sabitlik və rifah üçün də bir təməl təşkil edir. İki ölkə arasındakı güclü bağlar regiondakı digər ölkələr üçün də bir cazibə mərkəzi və əməkdaşlıq modeli ortaya qoyur.

- Reallıq budur ki, heç bir təxribat Azərbaycan və Türkiyə qardaşlığına xələl gətirə bilməz...
- Tamamilə haqlısınız. Son dövrdəki bəzi təxribatçı cəhdlərə baxmayaraq, Türkiyə-Azərbaycan münasibətləri “Bir millət, iki dövlət” prinsipi əsasında, strateji ittifaq və sarsılmaz qardaşlıq anlayışı üzərində qurulmuş şəkildə davam edir. Bu münasibətin həm ikitərəfli müstəvidə, həm də regional və qlobal miqyasda konkret nəticələr verməyə davam etmək potensialı mövcuddur.
Məncə, Azərbaycan ilə Türkiyə arasındakı ittifaqın, həmrəyliyin və əməkdaşlığın dərinliyi və əhatəsi o qədər güclüdür ki, bu cür bölücü və qeyri-sağlam cəhdlər iki ölkənin birliyində hər hansı bir çatın yaranmasına səbəb ola bilməz. Əksinə, bu cəhdlər iki ölkə arasındakı həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verə bilər.
Əmin olun ki, ortaq mənafelər, dərin tarixi, ictimai və mədəni bağlar və qarşılıqlı etimad təməlində formalaşan Türkiyə-Azərbaycan ittifaqı qarşılaşdığı bu cür çağırışlar qarşısında dözümlülüyünü qoruyub və uzunmüddətli perspektivdə də davamlılığını saxlayacaq.
Elmir Mustafa


