İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ƏHƏMİYYƏTİ

İQTİSADİYYAT
11:28 / 01.10.2026
261

“İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkil olunması böyük əhəmiyyətə malikdir”.

Bu sözləri politoloq Anar İsayev Hit.az-a açıqlamasında deyib.

O, sözegedən forumun paytaxtımızda keçirilməsinin əhəmiyyətindən danışıb:


“İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan öz investisiya imkanlarını beynəlxalq biznes dairələrinə daha geniş təqdim etmək imkanı qazanır. Forum Azərbaycana xarici kapitalın cəlb edilməsi və investisiya coğrafiyasının genişləndirilməsi baxımından mühüm platformadır”.

Ekspert forumun ölkəmiz üçün digər üstünlükləri barədə isə bunları söyləyib:
“Əsas diqqətin qeyri-neft sektoruna, yaşıl enerjiyə, rəqəmsal iqtisadiyyata, nəqliyyat-logistikaya və sənayeyə yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan son illərdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövqeyini gücləndirib. Bu amil ölkənin regional logistika və investisiya mərkəzi kimi təqdimatını gücləndirir. Forum həmçinin dövlət qurumları, beynəlxalq maliyyə institutları və özəl investorlar arasında birbaşa dialoqun genişlənməsinə də imkan yaradır”.

Anar İsayev fikirlərini belə yekunlaşdırıb:
“Forumun real nəticəsi onun çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlərdən daha çox, konkret investisiya layihələrinin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və yeni iş yerlərinin açılması ilə də özünü göstərəcək.

Yəni əsas məsələ investoru Bakıya gətirmək deyil, investorun Azərbaycana real kapital gətirməsini təmin etməkdir. Bu baxımdan İkinci İnvestisiya Forumunu Azərbaycanın investisiya siyasətinin təqdimatından daha çox, həmin siyasətin praktiki nəticələrə çevrilməsi üçün platforma kimi qiymətləndirmək olar”.

Elmir Mustafa

0