Sosial şəbəkələr uşaqların düşüncəsini dəyişir

SOSİAL
15:43 / 30.09.2026
132

Sosial media uşaqların və yeniyetmələrin gündəlik həyatının mühüm hissəsinə çevrilib. 

Bu platformalar düzgün istifadə edildikdə onların dünyagörüşünün formalaşmasına və yeni bacarıqlar qazanmasına imkan yaradır. İnternet üzərindən müxtəlif maarifləndirici resurslara çıxış, xarici dillərlə məşğul olmaq, yeni məlumatlar öyrənmək və yaradıcılıq qabiliyyətlərini sınamaq üçün geniş imkanlar mövcuddur. Lakin sosial şəbəkələr yalnız müsbət tərəfləri ilə yadda qalmır. 

Nəzarətsiz və həddindən artıq istifadə uşaqların və yeniyetmələrin psixoloji və sosial vəziyyətinə mənfi təsir göstərə biləcək risklər də yaradır. Xüsusilə yaş xüsusiyyətləri və həyat təcrübəsinin kifayət qədər formalaşmaması onları sosial medianın mənfi təsirlərinə qarşı daha həssas edir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, bu gün uşağın dünyanı tanıdığı məkan artıq yalnız ev, məktəb və küçə ilə məhdudlaşmır: 

“Telefon və planşet vasitəsilə daxil olduğu rəqəmsal mühit də onun gündəlik həyatının bir hissəsinə çevrilib. Uşaq burada yalnız əylənmir - öyrənir, müşahidə edir, başqaları ilə ünsiyyət qurur, fikirlərini formalaşdırır və gördüklərini bəzən real həyatda davranış modelinə çevirir. Sosial şəbəkələrin uşaqlar üçün faydalı tərəfləri də kifayət qədərdir. 

Xarici dildə videolara baxmaq və həmin dildə ünsiyyət qurmaq dil öyrənməsini sürətləndirə, müxtəlif maarifləndirici səhifələr uşağın yeni biliklər əldə etməsinə kömək edə bilər. Musiqi, rəsm, texnologiya, elm və digər sahələr üzrə məzmun uşağın maraq dairəsini genişləndirə, onun yaradıcılıq qabiliyyətlərini üzə çıxara bilər”. 

411224

Ekspert qeyd edib ki, bəzən məktəbdə bir neçə dəqiqəyə izah olunan mövzu sosial platformalarda fərqli üsullarla təqdim edilərək uşağın diqqətini daha çox cəlb edir:

“Ancaq rəqəmsal mühitdə qarşıya çıxan hər məlumat uşağın inkişafına xidmət etmir. Uşaq yaşına uyğun olmayan görüntülərlə, aqressiv davranış nümunələri ilə, təhqir və zorakılığı adi hal kimi təqdim edən paylaşımlarla qarşılaşa bilər. Təhlükəli məqam isə ondadır ki, uşaq gördüyü hər davranışın yanlış olduğunu həmişə ayırd edə bilməməsidir. Davamlı təkrarlanan məzmun zaman keçdikcə ona adi və qəbulolunan görünməyə başlaya bilər”.

Həmsöhbətimiz hesab edir ki, sosial şəbəkələr uşağın dilinə də təsir göstərir:

“O, gün ərzində izlədiyi videolardan yeni sözlər, ifadələr və danışıq formaları götürür. Bu təsir müsbət də ola bilər, mənfi də. Keyfiyyətli məzmun uşağın söz ehtiyatını zənginləşdirə bildiyi halda, təhqir, kobud ifadə və aqressiv ünsiyyətin çox olduğu mühit uşağın gündəlik danışığına da keçməsi mümkündür. Digər mühüm məsələ düşüncə tərzidir. Qısa və sürətli məzmunla daim qarşılaşan uşaq hər şeyin tez və asan başa düşülməsinə öyrəşə bilər. 

Bunun isə bəzi hallarda uzun mətn oxumağa, diqqəti bir məsələnin üzərində saxlamağa və mürəkkəb mövzunu səbrli şəkildə araşdırmağa marağın azalması ilə müşayiət olunma ehtimalı var. Digər tərəfdən, düzgün seçilmiş rəqəmsal material uşağı sual verməyə, araşdırmağa və fərqli fikirləri müqayisə etməyə də həvəsləndirə bilər. Davranışlara təsir isə daha görünən nəticələrdən biridir. Uşaqlar sosial şəbəkələrdə məşhur olan şəxsləri və ya digər istifadəçiləri özlərinə nümunə götürə bilirlər”.

Fatimə Hacıbəyli vurğulayıb ki, geyimdən danışıq tərzinə, zarafatdan münasibət formasına qədər bir çox davranış modeli ekrandan real həyata daşına bilər:

“Xüsusilə zorakılığın, alçaltmanın və kobudluğun “əyləncə” formasında təqdim edilməsi uşaqlarda bu davranışlara qarşı həssaslığın azalmasına gətirib çıxarır. Sosial medianın başqa bir tərəfi də uşağın özünü başqaları ilə müqayisə etməsidir. Ekranda əsasən uğurlu, gözəl, xoşbəxt və problemsiz həyat görüntüləri ilə qarşılaşan yeniyetmə öz həyatını həmin görüntülərlə müqayisə edə bilər. Halbuki sosial şəbəkədə nümayiş etdirilən həyat real həyatın bütün mənzərəsini əks etdirmir.

Bu səbəbdən uşağı sosial şəbəkədən tamamilə uzaqlaşdırmaqdan daha vacib məsələ onun rəqəmsal mühitdə nə ilə qarşılaşdığını anlamaqdır. Valideyn uşağın hansı səhifələrə baxdığını bilməli, məktəb isə rəqəmsal təhlükəsizlik və informasiya savadlılığı mövzusunu uşaqlara izah etməlidir. Uşağa sadəcə “buna baxma” demək kifayət deyil”.

Sosisoloqun fikrincə, o qarşısına çıxan məlumatın doğru, faydalı, manipulyativ və ya təhlükəli olduğunu müəyyənləşdirməyi də öyrənməlidir:

“Çünki bu gün uşağın tərbiyəsində yalnız evdə deyilən sözlər və məktəbdə verilən biliklər rol oynamır. Ekrandan gələn məlumatlar da onun dünyaya baxışına toxunur. Uşağın qarşısındakı rəqəmsal mühit nə qədər sağlam olarsa, onun oradan götürdüyü davranış və düşüncə modellərinin də sağlam olma ehtimalı bir o qədər yüksələr.

Məsələ sosial şəbəkələrin uşaqlar üçün “yaxşı” və ya “pis” olması deyil. Əsas məsələ uşağın həmin böyük  informasiya axınında nələri seçməyi, nələrə inanmağı və nələrdən uzaq durmağı öyrənməsidir”.

Sevinc

0