Restoranlar tam açıldı: korona yayıla bilərmi?

ÖLKƏ
19:54 / 05.09.2020
983

Pandemiya ilə bağlı karantin rejiminin qaydalarının yumşaldılmasına normal baxıram. Təbii ki, qaydalar yumşaldılmalıdır.

Bunu Axar.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa sentyabrın 8-dən karantin rejimi qaydalarının yumşaldılması və xüsusən restoranların fəaliyyətinin yoluxmanın artmasına təsirindən danışarkən deyib. Deputat restoranların gecə saat 12-yə qədər fəaliyyətini fərqli gördüyünü dilə gətirib:

“Açığı, bunu fərqli görürəm. Elə saat 22:00-a qədər normaldır. Əgər qapalı məkanlarda şərait yaradılırsa, məsafə saxlanılırsa, onların fəaliyyətinə icazə vermək olar. Onsuz da insanlar öz sağlamlıqlarının qeydinə qalırlar. Eyni zamanda, restoranlar insanların dolanışıq yeridir. Oradan pul qazanırlar, ailələrini dolandırırlar. Uzun müddət işsiz qalıblar. Fəaliyyətləri üçün şərait yaratmaq lazımdır. Təbii ki, mən restoranların açılmasının tərəfdarıyam”.

Millət vəkili bildirib ki, məktəblərin məsələsinə də baxmaq lazımdır:

“Çünki hər bir çalışmayan sahə işsiz əhali deməkdir. Tibbi maskadan istifadə, özünü qorumaq tələbləri daha da artırılmalıdır. Əgər belə olarsa, məncə, restoranlar və məktəblərlə bağlı hər hansı problemlər olmayacaq".

Qeyd edək ki, restoranların daxilində xidmətə icazə verilməsinin koronavirusun yayılmasına şərait yaradacağı ilə bağlı bəzi ekspertlər narahatlıqlarını bildiriblər.

0