"Google Earth" istifadəçilərindən biri Avstraliyanın Nallarbor səhrasında nəhəng və izahı olmayan bir “şırım” aşkar edib. Alimlər bu hadisənin nə olduğunu anlamaq üçün bir neçə ay araşdırma aparıblar.
HİT.az xəbər verir ki, bu barədə “DailyGalaxy” yazır.
Məlumata görə, sirli iz təxminən 11 kilometr uzunluğunda olub. Sosial şəbəkələrdə yayıldıqdan sonra bu tapıntı elmi ictimaiyyətin də diqqətini çəkib.
Ərazi çox uzaq və insan fəaliyyətindən demək olar ki, tamamilə kənar olduğu üçün əsas rol peyk görüntülərinə və yerində aparılan araşdırmalara verilib. Alimlər müxtəlif dövrlərə aid şəkilləri müqayisə edərək müəyyən ediblər ki, iz 16–18 noyabr 2022-ci il tarixləri arasında yaranıb. Ətrafda isə güclü yağıntılardan sonra əmələ gəlmiş müvəqqəti su hövzələrinə bənzər mavi rəngli dairəvi ləkələr də qeydə alınıb.
Araşdırma “Journal of Southern Hemisphere Earth Systems Science” jurnalında dərc olunub. Burada qeyd edilir ki, izin eni 160–250 metr arasında dəyişir və Transavstraliya dəmir yolundan təxminən 20 km şimalda yerləşir.
Bir neçə ay sonra aparılan ekspedisiya zamanı alimlər həmin zolaq boyunca sikloid formalı izlər aşkar ediblər. Meteoroloq Con Allenin sözlərinə görə, bu cür izlər adətən tornadoların keçdiyi ərazilərdə müşahidə olunur.
“Bu cür sikloid izlər ABŞ-da tornadoların dağıntı yollarında da aydın görünür. Ərazidə daşqınla bağlı ciddi sübutların olmaması bu ehtimalı daha da gücləndirir”, deyə o bildirib.
Tədqiqat müəlliflərinin qənaətinə görə, küləyin gücü Fujita şkalası üzrə F2–F3 səviyyəsinə çatıb və sürəti 200 km/saatı keçib. Tornado qərbdən şərqə doğru hərəkət edib və saat istiqamətində fırlanaraq aydın trayektoriya buraxıb. Onun 7–13 dəqiqə davam etdiyi ehtimal olunur.
Hadisənin izsiz qalmasının əsas səbəbi bölgənin çox uzaq və insanlardan demək olar ki, boş olmasıdır. Nallarbor geniş, bitkisiz və az məskunlaşmış ərazidir, buna görə də belə təbiət hadisələri çox vaxt şahidsiz baş verir.
Maraqlıdır ki, bu iz təxminən bir il yarım keçsə də hələ də görünür, çünki bölgədə təbii aşınma və insan fəaliyyəti demək olar ki, yoxdur.
Samir


