Avropa şəhərlərində yağış sularının idarə olunması üçün diqqətlə planlaşdırılmış kanalizasiya və drenaj sistemləri mövcuddur. Bu sistemlər sayəsində güclü yağışlardan sonra belə küçələrdə yaranan gölməçələr adətən bir neçə saat ərzində yox olur.
HİT.az xəbər verir ki, yağışlardan sonra Azərbaycanın bir çox şəhərlərində küçələr, həyətlər və səkilər uzun müddət qalan gölməçələrlə örtülür. Bəzi hallarda su günlərlə, hətta həftələrlə çəkilmir. Avropa şəhərlərində isə ya gölməçələr ümumiyyətlə yaranmır, ya da çox qısa müddətdə yox olur. Bu fərq şəhərsalma yanaşmaları ilə bağlıdır.
Əsas amillərdən biri asfalt örtüklərin geniş yayılmasıdır. Belə səthlər suyu torpağa hopdurmur, nəticədə yağış suları yığılaraq gölməçələr əmələ gətirir. Problemin həlli isə əsasən effektiv drenaj sistemlərinin qurulmasından keçir.
Azərbaycanda bir çox şəhərlərdə yağış suyu kanalizasiya sistemi onilliklər əvvəl inşa edilib və hazırda artan yükü tam qarşılaya bilmir. Şəhərlərin genişlənməsi ilə asfalt sahələrin artması bu problemi daha da gücləndirir. Bundan başqa, köhnə sistemlərin çirkab və tullantılarla tutulması da suyun axınına mane olur.
Drenaj sistemində səthlərin meyilliliyi də mühüm rol oynayır. Əgər həyətlərdə və səkilərdə suyun axması üçün düzgün meyl yoxdursa, su çökəkliklərdə toplanır. Avropa şəhərlərində isə bu məsələ əvvəlcədən planlaşdırılır: yollar və həyətlər suyun axmasına imkan verəcək şəkildə layihələndirilir, damlardan gələn su isə birbaşa kanalizasiyaya yönləndirilir.
Avropada əvvəllər yağış suları birbaşa çaylara axıdılırdı. Lakin sonradan məlum olub ki, bu sularla birlikdə yağ, benzin və digər çirkləndiricilər də təbii su hövzələrinə düşür. Buna görə də bir çox şəhərlərdə sistemlər dəyişdirilərək yağış suları parklar, yaşıllıqlar və torpaq sahələrinə yönləndirilib ki, su təbii şəkildə hopa bilsin.
Bundan əlavə, xüsusi su keçirən asfalt, məsaməli örtüklər və yaşıllı damlar kimi həllər tətbiq olunur. Bu texnologiyalar yağıntının bir hissəsini saxlayaraq şəhər drenajına düşən yükü azaldır.
Samir


