“Əsir Ermənistan hərbçilərinə humanitar hüquqa uyğun davranılır”

SİYASƏT
14:16 / 05.10.2020
1142

“Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə yaşayan erməni əsilli şəxslər təhlükəsizlik şəraitində yaşamağa davam edəcək”.

Bunu bugünkü brifinqdə XİN-in Mətbuat katibi Leyla Abdullayeva deyib. 

O bildirib ki, bu gün də Azərbaycan ərazilərində on minlərlə erməni əsilli vətəndaşlarımız yaşayır: “Bu, təkcə erməni əsilli şəxslərə aid deyil, Azərbaycanda fərqli etnik millətlərdən yaşayan çoxlu vətəndaş var və onların bu günədək bütün hüquqları qorunub”.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə də əlavə edib ki, erməni əsilli Azərbaycan vətəndaşlarının bütün hüquqları qorunacaq: “Özlərinin istəyi olacağı təqdirdə, Azərbaycanın istənilən yerində yaşaya bilərlər. Onlar erməni mənşəli Azərbaycan vətəndaşlarıdır”.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə qeyd edib ki, əsir götürülmüş Ermənistan hərbçilərinə qarşı daim beynəlxalq humanitar hüquqa uyğun davranılır, bundan sonra da belə olacaq: “Prezident İlham Əliyevin elan etdiyi kimi, Ermənistan təxribatı nəticəsində ziyan görmüş, dağıdılmış hər bir ev, hər bir tikili təmir və bərpa olunaraq əhaliyə təqdim olunacaq. Bunun nümunəsini Cocuq Mərcanlı qəsəbəsinin yenidən salınması zamanı gördük”.

0
Qafqazinfo.az