Reflü şikayətlərinin gecə saatlarında artmasının əsas səbəblərindən biri yuxu zamanı bədənin üfüqi vəziyyətə keçməsidir. Cazibə qüvvəsinin mədə möhtəviyyatını aşağıda saxlayan təsiri azaldıqda turşunun qida borusuna keçməsi asanlaşa bilər. Üstəlik, yatmazdan qısa müddət əvvəl yemək yeyilibsə, problem daha da nəzərəçarpan ola bilər.
HİT.az xəbər verir ki, İlon Mask da “X” sosial şəbəkəsində paylaşdığı məlumatda bu məsələyə toxunub. Mask gecə reflüsünü azaltmaq üçün yatmazdan ən azı üç saat əvvəl yeməyi dayandırmağı və çarpayının baş hissəsini təxminən 8 santimetr qaldırmağı tövsiyə edib. Bunun üçün çarpayının baş tərəfindəki ayaqların altına kitab qoyaraq yatağa yüngül maililik verməyin mümkün olduğunu bildirib. Maskın sözlərinə görə, bir çox insan fərqinə varmadan yüngül dərəcədə gecə reflüsü yaşayır və bu, yuxu keyfiyyətinə təsir göstərə bilər.
Mədə turşusunun qida borusuna geri qayıtması nəticəsində yaranan reflünün ən geniş yayılmış əlamətlərindən biri döş qəfəsində yanma hissidir. Normalda mədə ilə qida borusu arasındakı əzələ quruluşu turşunun yuxarı qalxmasının qarşısını alır. Lakin böyüklərin təxminən 20 faizində bu mexanizmin kifayət qədər güclü işləməməsi reflü probleminə zəmin yarada bilər.
Bu səbəbdən çarpayının baş hissəsinin qaldırılması yalnız Maskın təklif etdiyi qeyri-adi üsul deyil. Bond Universitetinin sübuta əsaslanan tibb üzrə mütəxəssisi dosent Loai Əlbarquni də maili vəziyyətdə yatmağın cazibə qüvvəsindən istifadə edərək mədə möhtəviyyatının qida borusuna çatmasını çətinləşdirə və gecə ərzində turşuya məruz qalma müddətini azalda biləcəyini bildirib.
Araşdırmaların bir qismi də oxşar nəticələrə işarə edir. 2012-ci ildə aparılan bir araşdırmada çarpayılarının baş hissəsi təxminən 20 santimetrlik taxta bloklarla qaldırılan pasiyentlərin 65 faizi yuxu keyfiyyətlərinin yaxşılaşdığını bildirib. Uzunmüddətli reflü tutmalarının gecə ərzində orta sayı isə üçdən birə düşüb.
2021-ci ildə ümumilikdə 228 pasiyenti əhatə edən beş araşdırmanın təhlil edildiyi işdə də çarpayının baş hissəsini qaldırmağın az xərc tələb edən, təhlükəsiz və tətbiqi asan üsul ola biləcəyi qənaətinə gəlinib.
Bu üsulun hər kəs üçün problemsiz olduğu demək olmaz. 2020-ci ildə 39 reflü xəstəsinin iştirakı ilə altı həftə davam edən araşdırmada reflü əlamətlərinin azalması müşahidə edilsə də, iştirakçıların ümumi həyat keyfiyyətində nəzərəçarpacaq yaxşılaşma müəyyən edilməyib.
Bundan əlavə, pasiyentlərin yarıdan çoxu yataqda aşağı sürüşmə, ayaq və topuqlarda şişkinlik, boyun ağrısı və ya bel nahiyəsində narahatlıq kimi problemlərdən şikayətlənib. Bu şikayətlər səbəbindən iştirakçıların təxminən dörddə biri araşdırma başa çatmamış üsuldan istifadəni dayandırıb.
Beləliklə, çarpayını maili vəziyyətə gətirmək gecə reflüsünü azaltmağa kömək edə biləcək sadə üsullardan biri olsa da, ideal qaldırma hündürlüyü ilə bağlı hələlik dəqiq göstərici müəyyən edilməyib. Tədqiqatçılar reflünü azaltmaqla yanaşı, yuxu zamanı rahatlığı mümkün qədər qoruyacaq maililik dərəcəsinin müəyyənləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.
Samir


