Enerji startapı “Valar Atomics” ABŞ-ın Yuta ştatının Prays şəhəri yaxınlığında, təxminən 9 min akr federal torpaq sahəsində yerləşdirilməsi planlaşdırılan genişmiqyaslı sənaye kompleksi — Project Beehive layihəsinin tikintisi ilə bağlı təklif təqdim edib.
HİT.az xəbər verir ki, bu barədə “Interesting Engineering” məlumat yayıb.
Layihədə 456 kiçik qazla soyudulan nüvə reaktorundan istifadə nəzərdə tutulur. Hesablamalara görə, onlar 9,6 QVt elektrik enerjisi istehsal edəcək. Bu göstərici ştatın bütün enerji sisteminin orta gücündən iki dəfədən çox yüksəkdir. Hazırda Yutada orta hesabla 4 QVt elektrik enerjisi istehsal olunur, yay aylarında isə pik istehlak təxminən 10 QVt-a çatır.
Project Beehive süni intellekt üçün nəzərdə tutulan genişmiqyaslı məlumat mərkəzinin elektrik enerjisi ilə təmin edilməsi məqsədi daşıyır. Müasir süni intellekt modelləri böyük hesablama gücü tələb edir və ABŞ-ın mövcud elektrik şəbəkələri belə obyektləri sabit enerji ilə təmin etməkdə çətinlik çəkir.
Sentyabrın 17-də Yuta ştatının Torpaq Fondunun İdarəsi layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan ştat torpaq fondunun 640 akr sahəsinin icarəyə verilməsini yekdilliklə təsdiqləyib. Hazırda layihəyə ABŞ Torpaq İdarəetmə Bürosu tərəfindən baxılır.
Beehive layihəsi çərçivəsində ənənəvi su ilə soyudulan reaktorların əvəzinə heliumla soyudulan nüvə reaktorlarından istifadə planlaşdırılır. Bu yanaşma su istehlakını azaltmağa imkan verir və layihəni ABŞ-ın Qərbindəki quraq ərazilərdə hesablama infrastrukturu yerləşdirmək üçün uyğun edə bilər. Kompleksin nüvə yanacağının istehsalını və işlənmiş nüvə tullantılarının saxlanmasını öz ərazisində müstəqil şəkildə həyata keçirməsi gözlənilir.
Təklif olunan qazla soyudulan reaktorlarda TRISO adlı üçstruktur izotrop yanacaqdan istifadə ediləcək. Bu yanacaq keramika və karbon təbəqələri ilə örtülmüş nüvə yanacağı hissəciklərindən ibarətdir. Belə yanacaq ərimədən son dərəcə yüksək temperaturlarda işləmək üçün nəzərdə tutulub və passiv təhlükəsizlik mexanizmlərindən istifadə etməyə imkan verir.
“Valar Atomics” əsas işləməsini — Ward 250 mikroreraktorunu Yuta səhrasında, Beehive layihəsinin təklif olunan ərazisindən təxminən 30 mil məsafədə nümayiş etdirib. İyulun 1-də keçirilən nümayiş zamanı şirkət reaktorun istehsal etdiyi elektrik enerjisindən “Nvidia” kompüterini işə salmaq üçün istifadə edib.
Nüvə hissəsi ilə birbaşa əlaqəli olmayan tikinti işlərinə artıq bu ilin sonlarında başlanıla bilər. İlk reaktorların isə 2028-ci ildə işə salınması planlaşdırılır.
Mütəxəssislərin fikrincə, Beehive layihəsi ABŞ-da nüvə enerjisinin inkişafına marağın yenidən artmasına şərait yaradan yeni dövr şirkətlərinin genişmiqyaslı planlarını nümayiş etdirir. Bu cür layihələr kiçik modul reaktorların sınaqdan keçirilməsini və tətbiqini asanlaşdırmaq məqsədilə genişmiqyaslı tənzimləyici islahatlar həyata keçirən ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən dəstəklənir.
Samir


