Azərbaycan Cümhuriyyəti dövründə dövlət büdcəsi necə qorunurdu? - ARAŞDIRMA...

SİYASƏT
17:42 / 25.05.2020
1675

Nəsiman Yaqublu
Tarix elmləri doktoru

Azərbaycan Cümhuriyyəti yaradılmasının 102-ci ili tamam olur.Maraqlıdır ki, hər dəfə Cümhuriyyət dönəmini araşdıranda yeni və maraqlı məlumatlar ortalığa çıxır.Dövlət idarəçiliyinin hər sahəsində Cümhuriyyət qurucuları xalqımıza ciddi nümunələr qoyub gediblər.Onların fəaliyyətinin əsas bir hissəsini də dövlət büdcəsinin qorunması və ondan ciddi faydalanmaq təşkil edirdı.İndi oxuculara təqdim etdiyim məlumatlar çox maraqlı və öyrəniləsidir.

ƏLİAĞA HƏSƏNOVUN (1871 − 1933) FƏALİYYƏTİ - AZƏRBAYCANIN MALİYYƏ NAZİRİ,

AZƏRBAYCAN DÖVLƏT BANKININ SƏDRİ

Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə və Bank sisteminin formalaşmasında tanınmış dövlət xadimi Əliağa Həsənovun böyük rolu olmuşdur.

Azərbaycan Cümhuriyyətinin maliyyə sistemini möhkəmlədən bu işlərin reallaşmasında nazir Ə.Həsənovun ciddi fəaliyyəti var idi.

Ə.Həsənov həm də neft gəlirinin əldə olunmasına diqqət edirdi. Neft sənayesi sahəsində görülən tədbirlər nəticəsində neft hasilatı əvvəlki dövrlə müqayisədə yüksəlmişdi. Əgər 1918-ci ilin avqustunda 11,2 milyon pud neft hasil olmuşdusa, 1919-cu ilin avqustunda bu rəqəm 20,4 milyona çatmışdır. Maraqlıdır ki, Azərbaycan Cümhuriyyətinin mövcudluğu dövründə neft və neft məhsulları ehtiyatı 300 milyon puda yüksəlmişdi.

Bu rəqəmlər və göstəricilər dövlətin iqtisadi siyasətinin düzgün yürüdülməsinin nəticəsi idi.

1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin 25, 50, 100, 250 və 500 manatlıq dəyərində dövriyyəyə buraxılan kağız pullarının üzərində Nazirlər Şurasının sədri N.Yusifbəylinin və Maliyyə naziri Ə.Həsənovun imzaları var idi.

1919-cu ilin noyabrın 27-də parlamentin 101-ci iclası keçirildi. İclasda 600 milyon manat pulun buraxılması ilə bağlı müzakirə davam etdi. Əsas məruzəçi S.Ağamalıoğlu iclasa gecikdiyindən, söz Y.Əhmədzadəyə verildi və geniş müzakirə başladı. Y.Əhmədzadədən sonra M.Ə.Rəsulzadə, Q.Qarabəyli, Malxazov, S.Ağamalıoğlu, Ə.Cövdət, M.Əfəndizadə, B.Cavanşir çıxış etdi və sonra söz Maliyyə naziri Ə. Həsənova verildi. O, dedi: “... Mən maliyyəyə aid olan sözlər barəsində bir neçə izahatı verməyi lazım bilirəm. O şeylər ki, burada nişanlamışam, sıra ilə bir-bir deyirəm. Qara bəy dedi ki, pulumuzun qiyməti yoxdur. Bu, dürüst deyil, zira bizim pulumuz elə təzə bir şeydir. Amma görürük ki, bir çox köhnə pullardan yaxşı haldadır. Məsələn, 3 ay bundan əvvəl bizim kursumuz (Denikin) pulundan 3 faiz aşağı idi. Amma indi 30 faiz yuxarı gedir. Hər nə olsa, o, köhnə bir dövlətin varisidir və onu nəinki rus könüllüsü qəbul edir, hətta ingilis kimi böyük bir dövlət onu pul deyə qəbul edərək hökm vermişdir ki, Batumda ancaq Don pulu qəbul edilsin. Deməli, ingilis kimi böyük bir dövlətin qəbul və təmin etdiyi puldan bizim pulumuz 30 faiz yuxarı gedir”.

Ə.Həsənov çıxışında yalnız Azərbaycanda deyil, eləcə də Fransada, Almaniyada da ümumi kağız pulların kursunun aşağı düşdüyünü qeyd edir. O, mövcud problemlərə də toxunur və vergi işlərinin müəyyən sistemə salınmadığını, verginin xalqa tanıdılıb qəbul etdirməyin çətinliyini vurğuladı, əlavə etdi ki, belə işlərin görülməsi üçün digər dövlətlər “əlli illərlə” zəhmət çəkmişlər, təcrübə toplamışlar. Ə.Həsənov ciddi islahatların aparıldığını parlament üzvlərinin diqqətinə çatdırdı,onları məlumatlandırdı ki, xammalın, yunun, pambığın və qeyri bu kimi malların xaricə çıxarılmasına şərait yaradılır və onlardan da 25 faiz vergi alınması haqqında hökumət qərar qəbul edib. O, bundan bir milyard manatdan artıq gəlirin olacağını söylədi. O, bildirdi ki, əgər su yollarımız açılıb Həştərxana neftimiz getsə, neftdən böyük mədaxilimiz olacaq. Ə.Həsənov Azərbaycanın daxildə mühasirə halında olduğunu, ötən ay Batuma az miqdarda nefti çatdırmaqla 50 milyon gəlirin olduğunu, Batuma gedən neft kəmərinin işləyəcəyi halda daha çox qazancın əldə ediləcəyini söylədi. O, gömrükdən smetada bir milyon manat yarım mədaxil hesablandığı halda, hazırda 20 milyon manat mədaxilin daxil olduğunu böyük uğur saydı.

Ə.Həsənov çıxışında bir vacib məqama da toxundu: “Bir haldayıq ki, xalqın mümkünü yoxdur ki, vergi versin. Varı olan da fikir etmir ki, Hökumət gərək öz xərcini-borcunu ödəsin. Hər kəs bu fikirdədir ki, azadlıqdır, vergi vermək lazım deyil. Bu fikir xalqın zehnindən götürülməlidir”

1919-cu ilin sonunda Cümhuriyyət Hökumətinin rəsmi icazəsi ilə Bakıda şəhər idarəsinin 500 manat dəyərində istiqraz vərəqəsi dövriyyəyə buraxıldı. Buraxılan pulların qiymətdən düşməməsi, emissiya həcminin artmaması, devalvasiyaya uğramaması üçün Ə.Həsənov ciddi iş sistemi yaradırdı

AĞA AŞUROVUN (1880 − 1936)FƏALİYYƏTİ - TİCARƏT VƏ SƏNAYE NAZİRİ

Ağa Aşurov qeyd etdi ki, tarifin artırılması heç vaxt mənfəət verməyib və əvvəl bu, zərər vermişdir. Onun fikrincə, tarifi o zaman artırarlar ki, məxaric çox olsun, mədaxili də artırmaq mümkün olmasın.

Bu məsələnin müzakirəsi sonunda qanun layihəsi Maliyyə-büdcə komissiyasının göstərdiyi məzmunda qəbul edildi.

Parlamentin 1919-cu ilin martın 6-da keçirilən 20-ci iclasında “Spirtin aksiz altına alınmasına dair qanun layihəsi” müzakirə olundu. Bu haqda ilk olaraq M.Rəfiyev çıxış etdi. M.Rəfiyevdən sonra söz A.Aşurova verildi. O, dedi: “Möhtərəm məbuslar! Bu qəbul olunan qanun layihəsi ki, indi deyilir 10 dəfə, 5 dəfə artırılsın, mən bunu əsas ilə düz görmürəm. Yenə 10 dəfə artırılsa da, 20-200 və ya bir dəfə artırılsın. Mən deyirəm biz idrak ilə bir şeyi o vaxt qəbul edək ki, əvvəl büdcəmiz məlum olsun. Və bilək ki, nə qədər mədaxil lazımdır. Bunu biləndən sonra lazım gələrsə artırarıq”.

A.Aşurov bir fikri çıxışında xüsusi vurğuladı: “Ticarət ilə oynamaq olmaz. Ticarətə ayıq baxmaq lazımdır”.

Parlamentin 1919-cu ilin 17 martındakı 24-cü iclasında “Hökumət məmurlarına bayram münasibəti ilə birdəfəlik fevral maaşının 75 faiz əlavəsi ilə müavinəti nəqdiyyə verilməsi üçün layihə” müzakirə olundu. Müzakirələrdə Ə.Pepinovun çıxışından sonra A.Aşurov öz fikrini bildirdi ki, bu layihədə müəllimlərin də məvacibləri artırılmalıdır. A.Aşurov təklif etdi ki, bütün qulluqçuların məvaciblərinin artırılması üçün ayrıca bir layihə hazırlansın.

Həmin iclasda bir qanun layihəsi də müzakirə edilir: “Gömrük idarəsinin təğyir və təbdili barəsində”(Başqalaşdırılması və dəyişdirilməsi haqqında-red). Ş.Rüstəmbəylinin əsas məruzəsindən sonra A.Aşurov çıxış etdi. O, gömrükxana idarəsinin maliyyə nəzarətində olmasına etirazını bildirdi və sahənin Ticarət və Sənaye nəzarətinə verilməsini düzgün saydı.

1919-cu ilin mayın 5-də keçirilən parlamentin 33-cü iclasında “510 milyon emissiya − kağız pul buraxılması haqqında qanun layihəsi” müzakirə edildi. Maliyyə naziri Ə.Həsənovun parlamentin qərarı əsasında verdiyi izahatdan sonra ilk olaraq, M.Əfəndizadə, sonra Ə.Cövdət (Pepinov), S.M.Qənizadə çıxış etdilər. Sonra söz A.Aşurova verildi. O, təklif etdi ki, 510 milyonun çapına icazə verilməlidir və bu pul bir neçə aya kifayət edəcəkdir.

A.Aşurov isə fikrini belə bildirdi: “Bu işlər ümumi camaat köməyi ilə aparılmalıdır. Hökumət pulu ilə qaçqın saxlamaq olmaz. Mən burada bir proqram görmədim ki, danışam... Büdcəmizi, qüvvəmizi bilək, proqram da məlum olsun”.

MUSA RƏFİYEVİN (1888 − 1938) FƏALİYYƏTİ - SOSİAL TƏMİNAT VƏ DİNİ ETİQAD NAZİRİ

Parlamentin 1919-cu ilin fevralın 25-də keçirilən 16-cı iclasında Musa Rəfiyev Maliyyə-büdcə komissiyasının sədr əvəzi olaraq çıxış etdi. O, bildirdi ki, Maliyyə-büdcə komissiyasına mühüm layihələr daxil olduğundan işi çoxdur. O, təklif etdi ki, komissiya 8 nəfər əvəzinə 20, yaxud 21 olsun, bundan ötrü hər kiçik fraksiyadan iki, böyük fraksiyadan 3-4 üzv verilsin.

M.Rəfiyevin bu təklifi parlament üzvləri tərəfindən qəbul edildi.

Parlamentin 1919-cu ilin fevralın 26-da keçirilən 17-ci iclasında M.Rəfiyev Bakı Bələdiyyə İdarəsinə dörd milyon manat borc pul buraxılması ilə bağlı bir layihə təklifi olduğunu bildirdi. O, qeyd etdi ki, ayrılacaq vəsait şəhərin təmirinə, şəhərdə səhiyyənin təşkilinə, Bakının iqtisadi, mədəni və elmi mərkəz kimi inkişafına sərf ediləcəkdir. O, qeyd etdi ki, üç ay ərzində şəhərə 8 milyon manat pul lazım olduğu halda, mədaxil 500 min manat, yəni az olubdur. M.Rəfiyev parlament üzvlərini məlumatlandırdı ki, şəhərin hazırkı xərclərini ödəmək üçün Şəhər İdarəsi Duma ilə birgə 7 milyon manat pul- istiqraz buraxmağa qərar vermiş, onun 3 milyonu alınmış, qalan 4 milyonunun buraxılması Hökumətdən xahiş olunur. O, qeyd etdi ki, Maliyyə-büdcə komissiyası layihəni qəbul edib və indi parlamentə təqdim olunub.

Bu layihə ilə bağlı geniş müzakirələr aparıldı və sonda qəbul olundu

M.Rəfiyev məruzəsində xidmətçilərə aşağıdan məvacibin verilməsini vacib sayırdı: “1) Qubernatorlara (başqa yerlərə nisbətən Bakı bahalıq olduğundan, Bakı məvacibləri yuxarı hesab edilir). Bakı qubernatoruna ayda 3600 rubl, başqa yerdəkilərə 3000 rubl; 2) vitse-qubernatorlara Bakıda 2700 rubl, qeyri-yerlərdə 2500 rubl; 3) Bakı qubernatorunun kiçik məvacibinə ayda 2500 rubl; 4) Bakı polismeystrinə nəzarət 1800 rubl təklif etmişdir, lakin komissiya 2300 rubl təyin etmişdir; 5) Bakı polismeystrinin böyük müavininə və təhriri şöbəsi rəisinə nəzarət 1600 rubl təklif etmişdir, komissiya isə 1800 rubl təyin etmişdir...”

ƏBDÜLƏLİ BƏY ƏMİRCANOVUN (1870-1948) FƏALİYYƏTİ - AZƏRBAYCANIN MALİYYƏ NAZİRİ

Əbdüləli Əmircanov birinci qanun layihəsini Azərbaycan və rus dillərində oxuyub parlament üzvlərinin diqqətinə çatdırdı. O, bildirdi ki, 1917-ci ilin 13 iyun qanununa görə, gəlir vergisindən azad olunan varidatın miqdarı 1000 rubl təyin edilmişdir. O, qeyd etdi ki, 1000 rublun dəyəri indi çox aşağı düşdüyündən, Maliyyə nazirinin təklifi əsasında bu rəqəm 5 min rubla qaldırılsın, həmin məbləğdən artıq olan varidatdan 187 min manat vergi alınsın.Ə.Əmircanovun təqdim etdiyi layihə maddələr üzrə səsə qoyulduqdan sonra qəbul edildi.

Ə.Əmircanovun Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətinin öyrənilməsində onun parlamentdəki çıxışları mühüm rol oynayır. O, bu fəaliyyəti ilə yeni yaranmaqda olan dövlətin iqtisadiyyat, sənaye, gömrük və digər sahələrini inkişaf etdirməyə çalışmışdır. Bu sahələr üzrə yeni qanun layihələrinin hazırlanıb müzakirəyə çıxarılmasında böyük fəallıq göstərmişdir.

Bu mənada, Ə. Əmircanovun 1919-cu ilin iyunun 16-da parlamentin 48-ci iclasındakı çıxışı əhəmiyyətlidir. Əsasən, səkkiz məsələnin müzakirəsinin keçiriləcəyi iclasda Ə.Əmircanov iki sənədlə bağlı məruzə etmişdir:1)Gəlir vergisindən azad olunan varidat miqdarının artırılması haqqında; 2) Maliyyə nəzarətində gömrük vergisi şöbəsinin yaranması haqqında.

Ə.Əmircanov birinci qanun layihəsini Azərbaycan və rus dillərində oxuyub parlament üzvlərinin diqqətinə çatdırdı. O, bildirdi ki, 1917-ci ilin 13 iyun qanununa görə, gəlir vergisindən azad olunan varidatın miqdarı 1000 rubl təyin edilmişdir. O, qeyd etdi ki, 1000 rublun dəyəri indi çox aşağı düşdüyündən, Maliyyə nazirinin təklifi əsasında bu rəqəm 5 min rubla qaldırılsın, həmin məbləğdən artıq olan varidatdan 187 min manat vergi alınsın.Ə.Əmircanovun təqdim etdiyi layihə maddələr üzrə səsə qoyulduqdan sonra qəbul edildi.

AĞA ƏMİNOVUN (1888 − 1921) FƏALİYYƏTİ

AZƏRBAYCANIN TİCARƏT VƏ SƏNAYE NAZİRİ

Parlamentin 1920-ci ilin martın 8-də keçirilən 131-ci iclasında 3-cü məsələnin müzakirəsi ilə bağlı Ağa Əminov məruzə edir. O, məruzəsində əhalinin kasıb sinfinin və maaş alan məmurlarının ağır vəziyyətini qeyd edir. O, bildirir ki, manatın kursunun aşağı düşməsi məmurların dolanışığına ciddi təsir göstərir. A.Əminov bir faktı açıqlayır ki, ilk olaraq Məmurlar İttifaqı təşəbbüs göstərərək Hökumətə layihə təqdim edib və maaşlara faiz artırılması təklifini irəli sürüblər.A.Əminov Azərbaycanda 40.000 məmurun olduğunu, onların 60 faizinin ailəliyini nəzərə alıb məsələnin ciddiliyini də önə çəkdi.

1920-ci ilin aprelin 8-də Parlamentin 139-cu iclası M.Y.Cəfərovun sədrliyi və Qaraşarovun katibliyi ilə keçirilir. Ə.Əmircanov dəmiryol tariflərinin artırılması haqqında qanun layihəsi ilə bağlı məruzə etdi. Məruzə ətrafında Q.Qarabəyov, nazir X.Məlikaslanov çıxış etdilər. Sonra sədr bildirdi ki, layihə ilə bağlı bir neçə fikir var. O, bildirir ki, bu qanun layihəsi ilə bağlı arzu formasında olmasa da, təklif olaraq səslənmişdi ki, dəmiryolu ilə neft sahəsi başqadır və bu məsələlər ayrılmalıdır.

A.Əminov bu məsələdə Maliyyə-büdcə komissiyası adından iclasa bu təkliflə bağlı məlumatlar verir və o fikrin komissiya tərəfindən irəli sürüldüyünü qeyd edərək deyir: “Tacirlər və alış-verişçilər buradan apardıqları nefti Batumda artıq qiymətə satırlar. Maliyyə-büdcə komissiyası necə ki, məmləkət daxilində həmişə vətənin mədaxilini artırıb məxaricini azaltmaq ilə məşğuldur. Ərzağın artırılmasını və bahalığın qarşısının alınmasını və xəzinəni gözəl bir hala gətirib qiymətləndirmək vəzifəsi ilə məşğuldur, qərar qoydu ki, malımızı Batumda artıq satanların əlindən xilas edərək, həmin mənfəəti xüsusi şəxslər deyil, bəlkə məmləkətimiz mənfəətbərdar olsun”.

0
Moderator.az