Hər şey Sardiniya sahilləri yaxınlığında dalğıcın dəniz otları arasında metal parıltı görməsi ilə başlayıb. Bu hadisə tədqiqatçıları daha böyük bir xəzinəyə aparıb: gec Roma dövrünə aid on minlərlə mis follis sikkəsinə.
Follis sikkələri – həm bürünc, həm də mis – əvvəlcə romalılar, daha sonra isə Bizans imperiyası tərəfindən istifadə olunub. İtaliya Mədəniyyət Nazirliyi ümumi sikkə sayının 30 mindən çox, bəlkə də 50 minə qədər olduğunu bildirib.
Hit.az xəbər verir ki, bu barədə “Popular Mechanics” yazır.
“Kardiniya sularında tapılan xəzinə son illərin ən mühüm numizmatik kəşflərindən biridir”, deyə Arxeologiya, təsviri incəsənət və landşaft üzrə regional baş direktoru Luizi La Rokka bildirib.
Dalğıcların çıxardığı sikkələr nazirliyin təsvirinə görə “əla və nadir qorunma vəziyyətindədir”. Alimlər onları eramızın 324–345-ci illərinə aid ediblər.
İtaliya Mədəniyyət Nazirliyində bu sikkələrin Sardiniya sahillərində niyə tapılması ilə bağlı ehtimal kimi batmış gəmi versiyası da nəzərdən keçirilir. Sikkələr sahil və dəniz otluqları arasında iki geniş sahədə səpələnmiş halda aşkarlanıb. Həmçinin dar boğazlı amfora fraqmentləri də tapılıb. Bu, batmış gəmi ssenarisinə işarə edə bilər, lakin hələlik elmi təsdiq yoxdur.
Sikkələr necə tapılıb?
Dalğıc dəniz dibində bir neçə sikkə gördükdən sonra hakimiyyət orqanlarına məlumat verib və daha sonra xəzinənin çıxarılması üçün sualtı arxeoloqlar qrupu cəlb olunub.
Lakin sikkələri tapan dalğıca heç bir mükafat verilməyəcək. Məhkəmə onun tələbinə rədd qərarı verib, çünki tapıntı “təsadüfi kəşf” kimi qiymətləndirilməyib: onun üzərində metal detektoru olduğu müəyyən edilib və ərazinin arxeoloji əhəmiyyəti barədə əvvəlcədən dəlillər təqdim olunub.
Samir


