İşdən çıxarılanlara xəbərdarlıq: Yeni iş axtarışı bir ilə qədər davam edə bilər

DÜNYA
19:38 / 01.06.2026
44

“Meta” şirkətinin 2025-ci ilin fevralında ixtisara salınan keçmiş əməkdaşı Brittni Boll yeni iş axtarışı təcrübəsini bölüşərək oxşar vəziyyətlə üzləşən mütəxəssislərə uzunmüddətli işsizlik dövrünə hazır olmağı tövsiyə edib. 

HİT.az xəbər verir ki, bu barədə “Business Insider” yazıb.

Bollun sözlərinə görə, texnologiya sektorundakı ixtisar dalğasından təsirlənən əməkdaşlar şəxsi maliyyələrini əvvəlcədən planlaşdırmalı və yeni iş tapmağın bir ilə qədər çəkə biləcəyi ssenarini nəzərə almalıdırlar. O, xərclərin yenidən qiymətləndirilməsini, maliyyə ehtiyatının yaradılmasını və gələcək fəaliyyət üçün aydın plan hazırlanmasını məsləhət görür.

Brittni Boll 2020-ci ildə “Meta” şirkətinə sənədləşdirmə mühəndisi kimi qoşulub. İşdən çıxarıldıqdan sonra o, diqqətini şəxsi layihələrinin inkişafına yönəldib, bir startap yaradaraq satıb, eyni zamanda “Substack” platformasında xəbər bülleteni və podkast fəaliyyətinə başlayıb. Bununla yanaşı, tam ştatlı iş axtarışını da davam etdirib.

Onun fikrincə, karyera inkişafının əsas vasitələrindən biri şəxsi brendin formalaşdırılması və peşəkar bacarıqların ictimai şəkildə nümayiş etdirilməsidir. Boll xüsusilə “LinkedIn” platformasından daha fəal istifadə etməyi, müəllif layihələri, podkastlar və ya şəxsi startaplar yaratmağı tövsiyə edir. O bildirib ki, fəaliyyəti haqqında müntəzəm paylaşımlar əməkdaşlıq təkliflərinin sayını nəzərəçarpacaq dərəcədə artırıb.

Ekspert alternativ gəlir mənbələrinin yaradılmasına da xüsusi önəm verir. Süni intellekt alətlərinin təhlili və süni intellekt etikası mövzularına həsr olunmuş onun xəbər bülleteni akademik çevrələrdən və sənaye mütəxəssislərindən ibarət auditoriya toplayıb. Bu isə ödənişli abunəçilər bazasının formalaşmasına, həmçinin süni intellekt platformalarının auditi və məsləhət xidmətləri üzrə sifarişlərin alınmasına imkan verib.

Boll hesab edir ki, ixtisardan sonra insan əvvəlcə yeni şəraitə uyğunlaşmaq üçün özünə vaxt verməli, daha sonra isə əmək bazarında ən çox tələb olunan bacarıqların inkişafına və konkret karyera hədəflərinin müəyyənləşdirilməsinə diqqət yetirməlidir. O, seçilmiş strategiyanın həyata keçirilməsi üçün əvvəlcədən vaxt çərçivələrinin müəyyən edilməsini də vacib sayır.

Keçmiş “Meta” əməkdaşının fikrincə, geniş yayılmış səhvlərdən biri uzunmüddətli işsizlik riskinə qarşı kifayət qədər maliyyə hazırlığının olmamasıdır. O, şəxsi təcrübəsinə əsaslanaraq qeyd edib ki, işdənçıxarma kompensasiyası çərçivəsində aldığı vəsaitləri daha səmərəli idarə edə bilərdi.

Samir

0