Azərbaycan neftinin qiyməti: Bu, bizə nə vəd edir?

İQTİSADİYYAT
20:25 / 26.04.2023
660

Azərbaycan neftinin qiyməti artıb. 

Belə ki, "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində cüzi artım qeydə alınıb. Neftimizin 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,84 % artaraq 86,26 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ekspertlərlər neftinin qiymətinin artmasının büdcəyə də müsbət təsiri olacağını söyləyirlər. Həmçinin, bunun maaş və sosial təminatlarının artımı üçün təkan ola biləcəyi vurğulanır.

Maraqlıdır, Azərbaycan neftinin qiymətinin bahalaşmasının yaxın zamanda hansı müsbət nəticələri baş verə bilər?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı-ekspert Elşən Bağırzadə bildirib ki, Azərbaycan neftinin qiymətinin artması, Azərbaycanın gəlirlərinin artması deməkdir:

"2023-cü ilin dövlət büdcəsi tərtib edilən zaman da neftin qiyməti indikindən xeyli aşağı götürülüb. Əgər neftin qiyməti yüksək səviyyələrdə davam edərsə, şübhəsiz ki, hökumət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğinə yenidən baxa bilər. Bu da dövlət sektorunda maaşların artımına və sosial təminatın daha da gücləndirilməsinə imkan verə bilər. Ancaq bu hökumətin verəcəyi qərardır".

Ekspert onu da söyləyib ki, neftin qiyməti yüksəldiyi halda paralel olaraq, dövlət büdcəsinin gəlirləri də artacaq deyə bir qayda yoxdur:

"Sadəcə imkanlar əhəmiyyətli dərəcədə artdığı təqdirdə, hökumət əvvəlcədən təsdiq edilmiş büdcə gəlirlərinə də yenidən baxa bilər. Eyni zamanda hökumət, gəlirlərimiz artıb deyə maaş və pensiyaları da istədiyi kimi artırmada sərbəst deyildir. İqtisadiyyatın digər tarazlıqları var, məsələn, bunlardan biri də inflyasiya səviyyəsidir. Ancaq bütün bunlara baxmayaraq, mən bu il neftin dünya bazar qiymətinin yüksək səviyyələrdə davam edəcəyi proqnozuna da kifayət qədər ehtiyatlı yanaşıram. Çünkü dünya iqtisadiyyatında gözləntilər elə də müsbət deyil, bəzi ciddi problemlər mövcuddur".

Pərviz

0