“Dokta” süni qiymət artımına görə cərimələnə bilər

İQTİSADİYYAT
21:00 / 05.05.2023
526

Tanınmış apteklər şəbəkəsi “Dokta Apteklər” barəsində qanunvericiliyin tələblərini pozduğuna protokol tərtib edilib. 

HİT.az-ın məlumatına görə, “Dokta” MMC barəsində tərtib olunan protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İşə Binəqədi rayon Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq. Şirkət rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsini pozmaqda təqsirli bilinir. 

Sözügedən maddəyə əsasən dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

İddia təmin olunarsa, “Dokta Apteklər”i 5 min manatadək cərimə cəzası gözləyir.

Elçin Sadıqov əczaçılıq şirkəti olan "Dokta” MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. Şirkətin sahibi deputat Cavanşir Feyziyevdir. 
"Dokta” MMC onun əczaçılıq sahəsində təsis etdiyi ilk şirkətdir. Cavanşir Fyeziyev həm də dərman bazarının əsas oyunçularından olan "Avromed”in sahibidir.

“Dokta Apteklər” paytaxda və ölkənin bir çox bölgəsində filialı olan geniş şəbəkəyə malikdir.

Aydın

0