Nazirlik sement satan və yol təmir edən şirkətdən maşın alır - “Çoxprofilli” “Dönüş-1” MMC kimindir?

İQTİSADİYYAT
18:51 / 05.05.2023
438

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Meşələrin İnkişafı Xidməti Pikap tipli nəqliyyat vasitələrinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

HİT.az xəbər verir ki, tenderin qalibi “Dönüş-1” MMC olub. Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 249.865 AZN-dir. Tenderin şərtlərindən məlum olur ki, qurum 5 ədəd maşın alacaq.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Dönüş-1” 8 aprel 2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 69-da yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev İlkin Bəxtiyar oğludur.

“Dönüş-1” MMC bu ilin aprelində “Azərsu” ASC ilə də satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 58.112,64 AZN olan müqavilədə sement alınması nəzərdə tutulub. 

2021-ci ildə isə Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Ağcabədi, Qəbələ və Hacıqabul rayonlarında məcburi köçkün qəsəbələrində qum-çınqıl və asfalt yol örtüyünün, Biləsuvar rayonunda isə fərdi yaşayış evlərinin təmiri ilə əlaqədar şirkətlə 560 319 manatlıq müqavilə imzalayıb. 

Beləliklə, aydın olur ki, təmir işləri həyata keçirən və sement satan şirkət həm də avtomobil satır. 

Bu isə adı heç bir yerdə keçməyən şirkətin tender oyunlarında iştirak üçün yaradıldığına şübhələri artırır.

Anar

0